Accessibility links

Böyük səkkizliyin gündəliyində əsas mövzu iqlim dəyişikliyidir


Sənayesi ən çox inkişaf etmiş səkkiz ölkənin liderləri Almaniyanın Baltik dənizi kənarındakı Heyligendamm istirahət guşəsində üç gün ərzində iqlim dəyişikliyi, iqtisadi məsələlər və Afrikanın borcunun yüngülləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Lakin hələ sammit başlamazdan əvvəl baxışların fərqli olduğu bəllidir və görüş yerindən etiraz edənləri kənar tutmaq üçün təhlükəsizlik qüvvələri gücləndirilib.

Dünya liderlərinin ikitərəfli görüşlər, işgüzar naharlar keçirəcəyi və kameralar qarşısında bir birinin əlini sıxacağı zal Heyligendamm kurort şəhərininin ənənələrinə uyğun quraşdırılıb. Amma mehriban qrup şəkilləri siyasi baxışlardakı fərqlilikləri, çətin ki, gizlədə bilər.

Sammitin ev sahibi, Almaniya kansleri Angela Merkel gündəliyin əsas məsələsi kimi iqlim dəyişikliyini görür. Lakin qlobal istiləşmə ilə necə mübarizə aparma mövzusunda fikir ayrılıqları nəzərə alınarsa, burada ciddi qərarın qəbul olunması gözlənilmir.

Xanım Merkel qlobal istiləşmənin qarşısını almaq üçün ciddi məhdudiyyətlərin razılaşdırılmasını istəyir. Lakin Birləşmiş Ştatlar və bəzi başqa ölkələr özlərini məhdudlaşdırmaq istəmirlər.

Britaniyanın baş naziri Toni Bleyr qlobal istiləşmə strategiyasında irəliləmənin mümkün olduğunu deyir, lakin, onun sözlərinə görə, bundan ötrü, hamının razılığına ehtiyac var: “Bütün əsas qüvvələri ehtiva edən qlobal razılaşma olmasa, hər hansı irəliləyiş qeyri-mümkündür. Burada şübhəsiz ki, Amerika, amma həm də Çin, Hindistan və inkişaf etməkdə olan dünya nəzərdə tutulur, çünki iqtisadi inkişaf sayəsində onlar əvvəlkindən daha çox parnik qazı tullantısı emal edəcəklər.”

Amma yəqin ki, ABŞ prezidenti Corc Buşla Rusiya prezidenti Vladimir Putin arasındakı danışıqlar sammitin əsas mövzusu olacaq. Liderlərin Birləşmiş Ştatların Avropada raketdən müdafiə sistemi qurmaq planı ilə bağlı fikir ayrılıqları sammitqabağı şərhlərin əsas mövzusudur.

Sammitə hazırlıq işləri, rəsmilərin dediyi kimi, müharibədən sonrakı Almaniyada ən geniş təhlükəsizlik əməliyyatını da ehtiva edir. Heyligendamm ətrafında kordonlar qurulub və burada nümayişçiləri şəhərdən kənar saxlamaq üçün böyük polis qüvvələri yerləşdirilib. Rəsmilər sammitlə bağlı yüz minədək antiqlobalist hərəkatı fəalının Heyligendama gəlişini gözləyir.

XS
SM
MD
LG