Accessibility links

Talk show: Birləşmiş Ştatların dünyada gedən demokratikləşmə prosesində rolu


Bu həftə Praqada demokratiya uğrunda mübarizlərlə görüşən ABŞ prezidenti Corc Buş Birləşmiş Ştatların hər zaman demokratiya uğrunda çalışanlara dəstək verdiyini bildirib. Rusiya və Çində demokratiyanın boğulması ilə bağlı tənqidi fikirlərlə çıxış edən cənab Buş Birləşmiş Ştatların hər zaman demokratikləşmə proseslərinə yardımçı olacağını deyib və Şərqi Avropa ölkələrinin demokratik institutlarına dünyada demokratikləşmə prosesinə verdikləri töhfəyə görə minnətdarlığını bildirib.

Dəyirmi masa söhbətinin mövzusu da dünyanın demokratikləşməsində Birləşmiş Ştatların rolu idi. Bu mövzuda müzakirə Nyu Yorkda yerləşən Medley Advisors qrupunun keçmiş SSRİ ölkələri üzrə proqram direktoru, son dörd ildə Fridom Haus təşkilatının Azərbaycan üzrə illik hesabatlarının müəllifi Kaan Nazlı, Bakıdan politoloq İlqar Məmmədov və Yeni Azərbaycan Partiyasından millət vəkili Aydın Mirzəzadənin iştirakı ilə keçirildi.

Veriliş zamanı şərhi səsləndirilən ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik Birləşmiş Ştatların Azərbaycanda demokratikləşmə prosesinə birmənalı dəstək verdiyini bildirib: "Birləşmiş Ştatlar demokratiyanı heç nəyə qurban vermir. Mən deyərdim ki, demokratiya heç nədən sonra gəlmir. Bizim təhlükəsizlik əməkdaşlığı, enerji təhlükəsizliyi məsələləri kimi eyni dərəcədə vacib prioritetlərimiz var, amma onlar bizim burada demokratik dəyişikliklərə verdiyimiz dəstəkdən önəmli deyil. Mən Birləşmiş Ştatların demokratiyanı nəyəsə dəyişib, yaxud demokratiyaya tam dəstək göstərmir deyənblərin fikirlərini şübhə altına qoyardım. Lakin Birləşmiş Ştatlar heç zaman demokratiyanı xaricdən məcburən tətbiq edə bilər deyə bir iddiada olmayıb. Bizim edə biləcəyimiz demokratik dəyişikllikləri və demokratiya uğrunda çalışanları dəstəkləməkdir, və biz bunu indiyə kimi etmişik, bundan sonra da edəcəyik," - deyə cənab Henik bildirib.

"Birləşmiş Ştatların dünyada gedən demokratikləşmə prosesində rolu" mövzusunda dəyirmi masa söhbətini audio-formatda dinləyin

XS
SM
MD
LG