Accessibility links

Azərbaycan insan alveri ilə mübarizədə səyləri artırsa da, problemlər qalmaqdadır


Birləşmiş Ştatlar Dövlət Departamentinin dünən açıqladığı insan alveri ilə bağlı illik hesabatda Azərbaycan qadın, kişi və uşaqların cinsi istismar və məcburi əmək məqsədilə insan alverinin mənbə və tranzit ölkəsi kimi göstərilir.

Azərbaycan hökuməti traffikinq – insan alveri ilə mübarizədə ciddi səylər göstərən ölkələr siyahısında yer alıb. Hesabata görə, Azərbaycandan qadınlar cinsi istismar məqsədilə Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılır. Rusiyada isə Azərbaycan vətəndaşı olan kişilərin qul kimi işlədilməsi qeyd edilir. İnsan alverinin qurbanı olan Azərbaycan vətəndaşlarının cinsi və əmək istismarına məruz qaldığı digər ölkələr İran, Pakistan və Hindistandır.

Hesabatda xüsusi diqqət çəkən hissə azərbaycanlı uşaqların quldarların şikarına çevrilməsidir. Belə ki, sənədə əsasən, Azərbaycandan uşaqlar Turkiyəyə cinsi istismar, Rusiyaya isə ağır əmək istismarı üçün aparılır.

Azərbaycanda quldarlığın yeni forması sadəcə qurbanların xaricə aparılmasında təzahür etmir. Xüsusilə inşaat sahəsində çalışan kişilərin əmək hüquqlarının pozulması və qul kimi işə məcbur edilməsi, uşaqların dilənçiliyə məcbur edilməsi və qadınların seksual istismarı barədə məlumatlar bu il də hesabat müəlliflərinin diqqətini cəlb edib.

Azərbaycan həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə cinsi istismar üçün aparılan Özbəkistan, Qırğızıstan, Moldovadan olan insan alveri qurbanlarının tranzit ölkəsi kimi göstərilir.

Hesabatda qeyd edilir ki, Azərbaycan hökuməti insan alverinin ləğvi ilə bağlı minimum standartlara cavab verməsə də, bu istiqamətdə səylər göstərir. Belə ki, 2006-cı ilin oktyabrında hökumət traffikinq qurbanları üçün sığınacaq açmış, eləcə də hüquq mühafizə işçilərinin insan alveri qurbanlarının daha yaxşı müəyyənləşdirməsi və təhqiqat aparması üçün təlimlərin səviyyəsini artırmışdır.

Traffikinqlə mübarizə idarəsi Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsindən ayrılaraq müstəqil quruma çevrildikdən sonra 2006-cı ildə daha çox insan alveri ilə bağlı cinayətin üstü açılmış və daha çox cinayətkar mühakimə olunmuşdur.

Bununla belə, qeyd olunur ki, hökumət qurbanlarla rəftar mexanizmini inkişaf etdirməli və ölkə ərazisində qurbanlar üçün qaynar xəttin işə salınmasını təmin etməlidir.

2006-cı ildə traffikinqlə bağlı 192 iş üzrə - 2005-ci ildəkindən 32 iş çox - təhqiqat aparılıb, 164 insan alverçisi mühakimə olunub ki, bu da 2005-ci ildən 11 nəfər artıqdır. Cəza alan insan alverçilərinin sayı isə əhəmiyyətli dərəcədə artıb – 93-dən 155-ədək.

Lakin qeyd etmək lazımdır ki, 155 mühakimə olunmuş insan alverçisindən yalnız 48-i həbsə məhkum edilib. Digər 107-nəfərə şərti cəzalar kəsilib.

Hesabatda aşağı səviyyəli məmurların və yerli hüquq mühafizə orqanlarının rüşvət alaraq traffikinqə yardımçı olduqları ilə bağlı narahatlıq da ifadə olunur.

XS
SM
MD
LG