ABŞ-ın nüvə danışıqlarındakı əsas nümayəndəsi Kristofer Hill Şimali Koreya səfərini başa vurub. Onun sözlərinə görə, Pxenyanda rəsmilər ona ölkənin əsas nüvə reakltorunu bağlamağa başlayacaqlarını deyiblər. Seulda müxbirlərlə danışan dövlət katibinin müavini deyib ki, Şimali Koreyalı rəsmilərlə danışıqlar çox təfərrüatlı, faydalı və pozitiv keçib.
Pxenyanda cənab Hill şimali koreyalı həmkarı Kim Kay Kvanla və xarici işlər naziri Pak Ui Çunla görüşüb. Hill deyib ki, onlar Şimali Koreyanın nüvə proqramına son qoymaq üçün Fevralda keçirilən danışıqların bütün aspektlərini müzakirə ediblər.
Cənab Hill son 5 ildə Şimali Koreyanı ziyarət edən ən yüksək rütbəli ABŞ rəsmisidir. Ağ ev Kristofer Hillə Pxenyana səfər etmək icazəsi verilməsini belə izah edib: ABŞ hökuməti hiss edir ki, irəli getmək vaxtıdır. Ağ ev bildirir ki, prezident Buş Şimali Koreyadan fevral danışıqları zamanı götürdüyü öhdəlikləri yerinə yetirərək nüvə reaktorunu bağlamasını gözləyir.