Accessibility links

Canlı dünya konsertlərinə start verilib


24 saatlıq Canlı dünya konserti dünyanın bir çox yerində günəşli səma akltında keçirilsə də, Şanxayda minlərlə adamın tədbirdə iştirakı buludlu səma, Hamburqda isə yağış aıltında keçib.

Bu gün qlobal istiləşmənin təhlükəsi haqqında maarifləndirmə konsertləri Sidney və Tokioda start götürüb.

Bir günlük konsert Birləşmiş Ştatların keçmiş prezidenti Al Qorun Sidneydəki auditoriyaya video müraciəti ilə başlayıb. Tokioda konsertə gələnlər isə Al Qorun salamını holoqram vasitəsilə görüblər.

Londondakı konsertdə Antarktikadan Nunatak qrupunun canlı yayımda çıxışı göstərilib. Qrupun ifaçıları Britaniyanın Antarktika Araşdırma qrupunun alimləridir.

Braziliya rəsmiləri Rio de Janeyronun Kopakabana dəniz sahilində Canlı dünya konsertinin keçirilməsinə razılıq veriblər. Pulsuz konsertdə yüz minlərlə insanın iştirakı gözlənilir.

Antarktika da daxil olmaqla 7 qitədə keçirilən konsertlərdə dünyanın 150 ən populyar musiqi nömrəsi ifa olunur. İfaçılar arasında Şakira, Britaniyalı Yusuf İslam, Madonna, habelə Metallika, Red Hot Chilli Peppers və Black Eyed Peas qrupları var.

Təşkilatçılar iqlim dəyişikliyi barədə həyəcan mesajının konsertlərin birbaşa iştirakçıları, eləcə də tədbiri internet, televiziya və radio vasitəsilə izləyən iki milyard adama çatacağına ümid edirlər.

XS
SM
MD
LG