Accessibility links

Hüquq müdafiəçiləri Zəncan fəallarının həbsi ilə bağlı narahatlığını bildirir


İran Azərbaycanına pəncərə proqramını dinləyirsiniz. Hüquq müdafiəçiləri İranın Zəncan şəhərində mayda həbs olunmuş fəalların vəziyyəti ilə bağlı narahatlığını ifadə edir.

İyulun 3-də Sərhədsiz jurnalistlər təşkilatının da haqqında bəyanatla çıxış etdiyi 6 jurnalistdən biri – Səid Mətinpur mayın 25-də həbs olunub.

Qeyd edək ki, İranın Azərbaycan dilli qəzetlərində yazıları ilə məşhur olan cənab Mətinpur və onun qardaşı Əlirza Mətinpur ana dili günü ilə bağlı aksiyalardan sonra da həbs edilmiş, təqribən 10 gündən sonra azadlığa buraxılmışdılar.

Mayın 25-də həbs edildikdən sonra Səid Mətinpura bir dəfə də olsun ailəsi ilə görüşmək imkanı verilməyib. O, Tehranın işgəncələri ilə məşhur olan Evin zindanına aparılıb və keçən həftə yenidən Zəncan həbsxanasına qaytarılıb.

Bundan sonra evə zəng edən Mətinpur sağ olduğunu deyib.

Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMEK) sözçüsü Əlirza Quluncu İran hökumətinin Zəncanda fəallara qarşı xüsusi qəddarlıq nümayiş etdirdiyini deyir.

Mətinpurun və onunla eyni gündə həbs olunan və Tehranın Evin zindanına aparılan Cəlil Qənilunun işgəncələrə məruz qalması ilə bağlı narahatlıq var.

Əlirza Quluncunun sözlərinə görə, Zəncanda həbs olunan daha iki fəalın - Behruz Səfəri və Hüseyn Rəhmətinin ailəsi edilən təhdidlərə görə hətta həbs faktını belə təsdiqləməkdən şəkinir.

XS
SM
MD
LG