Ağ evlə demokratlar arasında İraqdakı müharibə ilə bağlı mübahisələr səngimək bilmir. Bu gün müharibə veteranları və əsgər ailələri ilə görüşən prezident Buş qanunverici orqanı nəzarətdə saxlayan demokratları yenidən tənqid atəşinə tutub.
Cənab Buş qanunvericiləri partiyalararası mübahisələri bir kənara qoyub hərbi avadanlığı təkmilləşdirmək və əsgərlərin maaşlarını artırmaq üçün zəruri olan qanun layihələrinə səs verməyə çağırıb.
Bu gün Ağ evdə veteranlar və hərbçi ailələri ilə şəxsi görüş keçirən cənab Buş bildirib ki, hətta administrasiyanın İraqda müharibəni necə apardığından narazı olan Konqress üzvləri də oradakı əsgərlərin maaşlarının artımına səs verməlidir.
Respublikaçı prezident demokrat qanunvericiləri müharibənin maliyyələşdirilməsi üzrə müzakirələri İraqdan qoşunları çıxarmaq mövzusunda siyasi debatlara çevirməkdə günahlandırıb. O Konqress üzvlərinin xərclər haqqında qanunu Avqust ayında tətilə çıxmazdan əvvəl təsdiqləməməsindən narahatlığını bildirib.
May ayında prezident İraqda və Əfqanıstanda hərbi əməliyyatlar üçün 100 milyard dollarlıq büdcə layihəsi imzalayıb. Bu vəsait Sentyabr ayına kimi xərcləri ödəmək üçündür.
Demokratların nəzarət etdiyi ABŞ Nümayəndələr Palatası Birləşmiş Ştatların əsas döyüş qüvvələrinin gələn ilin aprel ayınadək İraqdan çıxarılmasına başlanmasını nəzərdə tutan qətnaməni təsdiqləyib. Lakin demokratlar Senatda eyni qanun layihəsinin gündəliyə salınması üzrə səsvermədə kifayət qədər səs toplaya bilməyiblər.
ABŞ-ın Bağdaddakı səfiri Rayan Kroker İraqda hərbi nailiyyətlərin olduğu qənaətindədir. O, bu ölkədəki amerika qüvvələrinin qeyd-şərtsiz çıxarılmamasına çağırıb. Senat komitəsi qarşısında çıxış edən səfir Kroker deyib ki, İraqda sabitləşmə uğrunda mübarizə uzun və kəşməkəşli yoldur:
"İraqda küçələrdə, əyalətlərdə, qəsəbələrdə olan ab havanı bir sözlə ifadə etməli olsaq, bu söz – qorxudur”
Bəzi qanunvericilər ABŞ əsgərlərinin ölümlə üzləşdiyi zaman Bağdad röəsmilərinin əsas məsələlər üzrə siyasi konsensusa nail olmamasında şikayətlənib. Səfir Krokerə cavabında senator Cozef Bayden narazılığını bu cür ifadə edib:
“Biz orda qalmırıq, cənab səfir. Sizin daha vaxtınız yoxdur”.
Birləşmiş Ştatların İraqdakı qüvvələrinin komandiri Reymond Odyerno İraqda hərbi nailiyyətlər barədə danışıb. General Odyerno İraqda hərbi əməliyatların ən azı 2 ay davam etməsinə ümid etdiyini deyib və bildirib ki, ABŞ hərbi strategiyasında hər hansı dəyişiklik tələsik və kəskin olmamalıdır.
Ekspertlər Ağ evin İraqla bağlı narazılığı artan konqresə hərbçi və diplomatların məsləhət verməsini təmin etməklə İraq strategiyasında vaxt udmağa çalışdığını deyirlər.