Accessibility links

Çengiz Bəxtavər Təbriz zindanından məktub yazıb


İranda Azərbaycanlıların milli hüquqları uğrunda mübarizədə xüsusi yeri olan Bəxtavər ailəsinə təzyiqlər davam edir. Tanınmış hərəkat fəalı Çengiz Bəxtavər Təbriz zindanından yazdığı məktubunda İran hökumətinin ona və ailəsinə qarşı basqılarından beynəlxalq təşkilatlara şikayət edib.

Mayın 20-də iş yerində həbs olunan Çengiz Bəxtavər hələ də rəsmi ittiham irəli sürülmədən saxlanılır.

Onun qardaşı Cahanbəxş Bəxtavər bir neçə ay həbsdə qaldıqdan sonra şərti azadlığa buraxılıb. Bu barədə Amerikanın səsinə Çingiz Bəxtavərin oğlu Babək məlumat verib.

Cahanbəxş Bəxtavəri 2006-cı ilin iyununda Babək qalasına yürüşlə bağlı Azərbaycan Azadlıq Hərəkatı adından vərəqələr yaymaqda və bu təşkilata üzvlükdə günahlandırılaraq həbs etmişdilər. Babək Bəxtavər əmisinin keçən il iki aylıq həbsi zamanı işgəncələrə məruz qaldığını deyir.

Bu il 22 may – 2006-cı ilin May hərəkatının ildönümü ərəfəsində aprel ayında Cahanbəxş Bəxtavəri həbs edərək keçən ilki ittihamlarla məhkum olunduğu 6 aylıq həbs cəzasının icrasına başlayıblar.

Babəkin atası Çingiz Bəxtavərə qarşı isə hələ rəsmi ittiham irəli sürülməyib və o, işgəncələr altında həbsdə saxlanılır.

Çengiz Bəxtavər bu günlərdə məhbəsdən yazdığı məktubunda ona edilən təhdid və təzyiqlərdən söz açır. O, Təbriz zindanının işgəncələri ilə dünyaca məşhur olan Evin zindanından da dəhşətli olduğunu, istintaq zamanı özünün ölümlə hədələndiyini qeyd edir. “Bu işlər hamisi Azərbaycan Türk millətinin beynəlxalq prinsiplər və konvensiyalara üyğün olaraq haqlarini mudafiə və tələb etmək üzrə mubarizəmizə görə baş verir ki, bu haqlar hətta İran İslam Respublikasının ana qanununda da əksini tapıb. Bütün bunlar məni ideyalarımdan və milli hüqüqlrimizi mudafiə etməkdən çəkindirmək məqsədi daşiyir,” deyə cənab Bəxtavər məktubunda qeyd edir.

Çengiz Bəxtavər yazır ki, müstəntiqlər oğlu Babəkin və digər ailə üzvlərinin milli hüquqlar uğrunda fəaliyyətinin onun həyatı üçün təhlükə yaratdığını deyir, və İranda 1999 ildə baş vərən zəncirvar siyasi qətlləri xatırladırlar. Çengiz Bəxtavər məktublarında ona qarşı rəsmi ittihamın irəli sürülmədiyini, istintaq zamanı isə xariclə əlaqələri barədə sorğu suala tutulduğunu yazır.

Babək Bəxtavər atasının həbsindən sonra həftələrlə onun harada olduğundan xəbərdar olmadıqlarını deyir. Onun sözlərinə görə, anası hər dəfə Çengiz bəylə görüşə gedərkən təhqirlərə məruz qalır.

Çengiz Bəxtavər məktubunda İran hökumətinə qarşı kəskin ittihamlarla çıxış edir, özünə və ailəsinə olan təzyiqlərə son qoyulması üçün Beynəlxalq təşkilatlardan İran hökumətinə təzyiq edilməsini istəyir.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG