İran Azərbaycanının onlarla hərəkat fəalı Zəncanlı jurnalistlər Səid Mətinpur, Bəhruz Səfəri və Cəlil Qənilunun həbsi ilə bağlı bəyanat imzalayıblar.
Bəyanatda hər üç məhbusun azərfbaycanlıların milli mədəni hüquqları uğrunda hərəkatda xüsusi yeri olduğu və onların həbsinin tamamilə qanunsuz olduğu qeyd edilir.
Azərbaycan Milli Hərəkatının tanınmış simaları, yazıçılar, din xadimləri, hüquq müdafiəçiləri tərəfindən imzalanan bəyanatda Mətinpur, Qənilu və Səfərinin, eləcə də onlarla digər azərbaycanlı siyasi məhbusun azad edilməsi tələb olunur.
Azərbaycanlı din xadimi höccətülislam Seyid Heydər Bayat Amerikanın səsinə bu bəyanata imza atmasının səbəbləri haqda danışdı. Heydər Bayatın sözlərinə görə, Səid Mətinpurun, Bəhruz Səfərinin və Cəlil Qənilunun Tehranın Evin zindanına aparılmasından sonra işgəncəyə məruz qalması barədə xəbərlər alınır. Hər üç məhbusun sağlıq durumu ciddi narahatlıq doğurur.
Din xadimi həbsdə olan fəalların heç bir cinayət törətmədiyini, yeganə günahlarının türk olduqlarını açıq söyləmələri olduğunu bildirdi.
Tam reportajı audio-formatda dinləyin