2006-cı il Mayın 31-də Urmiyədə həbs olunaraq 68 gün sonra zaminə buraxılmış Meşkinşəhrli şair İbrahim Savalan Raşidinin işi üzrə keçirilən son məhkəmə iclasında ona 5 ay həbs cəzası kəsilib.
Hökm şairə avqustun 10-da təqdim olunub.
Amerikanın səsinə müsahibəsində İbrahim Savalan 68 günlük həbsinin əsas hissəsini təkadamlıq kamerada keçirdiyini deyib. Ötən ilin may hadisələrindən sonra həbs olunmuş şair ona qarşı irəli sürülən ittihamları sadaladı. Şairi rejimə qarşı təbliğat, pantürkizm, qeyri-qanuni aksiyalarda iştiraka təşviqdə günahlandırırlar.
İbrahim Raşidi ona qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu deyir.
İbrahim Savalan bir neçə aylıq fasilələrlə 4 məhkəmə prosesinin keçirildiyini və hər dəfə ittihamların dəyişdiyini bildirib. Şairin sözlərinə görə, irəli sürülən ittihamları sübuta yetirən etiraflar almaq üçün müstəntiqlər zordan da istifadə edib.
İbrahim Savalanın sözlərinə görə, İranda senzura hər zaman mövcud olsa da, son zamanlar xüsusilə artıb.
Hal-hazırda şair İbrahim Savalana Apellyasiya məhkəməsinə müraciət etməsi üçün 20 günlük möhlət verilib.
Tam reportajı audio-formatda dinləyin