Accessibility links

Yəzidilər


Ötən həftə İraqda intiharçı hücumu 400 yəzidi kəndlinin həyatına son qoydu. İndiyə kimi dini görüşlərinə görə birmənalı qəbul edilməyən bu kürd dilli icma barədə dünya çox az bilir.

Yezidilərin mənşəyi barədə müxtəlif fikirlər var. Bəzi alimlər onların kürd, bəziləri kürd-ərəb qarışığı olduğunu ehtimal edir. Bu sektanın əsasının 12-ci əsrdə Şeyx Adi Bin Müsafir tərəfindən qoyulduğu güman edilir.

İraqın Tarixi Lüğəti kitabnının müəllifi Edmund Qərib deyir ki, Yezidi əfsanəsinə görə, Tovuz quşu cildində mələk Şeyx Adini cənnətə apararaq bu inancı ona orada nazil edib:

"Onun cismi yuxuda ikən ruhu yeddi il cənnətdə olub və Allahdan həqiqətləri öyrənib. Yeddi ildən sonra onun ruhu Yerə qayıdıb”

Şeyx Adi Ziya kitabını yazıb. Luay Bəhri Vaşinqtonun Yaxın Şərq İnstitutunda elmi araşdırmalarla məşğul olur:

"Onun dediyinə görə, bu, Mələk Tovuzun təlqinləridir. Şeyx Adi Mələk Tovuzun ruhunu təmsil etdiyini düşünür. Güman ki, o, özünü Mələk Tovuzun reinkarnasiyası hesab edirdi. "

Yezidilər Mələk Tovuzun başçılıq etdiyi yeddi mələyin növcudluğuna inanır. Onların əsas bayramı Oktyabrın əvvəlində Mosul yaxınlığında Şeyx Adinin doğma şəhəri Ləlişdəki türbəsində keçirilir. Yeddi gün sürən mərasimin sonunda Mələk Tovuzun bürünc abidəsi dindarlara təqdim olunur. Qərib deyir ki, Yezidi inancına başqa dinlərdən də elementlər daxildir:

"Burada İslamdan bəzi qida məhsullarının qadağan olunması, baptizmdəki kimi şərab içmək, zərdüşti və xristian rituallar var. Onlar da müsəlmanlar kimi oruc tutur, qurban kəsir və ziyarət edirlər.”

Lakin Yezidi inanclarının çoxu gizli saxlanılır və onlar barədə çox az şey məlumdur. Keçmişdə bu sirlər xristian və müsəlmanların şübhələrinə səbəb olmuş və əsrlər boyu onları şeytana sitayişdə günahlandırmışlar. Bəhrinin sözlərinə görə, bu, anlaşılmazlıqdır:

"Anlaşılmazlıq Mələk Tovuz sözündən qaynaqlanır. Onlar Mələk Tovuzu öz dillərində Şeytan adlandırırlar və bu ərəbcədəki şeytan sözü ilə dəyişik düşür. Ona görə də müsəlmanlar və xristianlar yəzidiləri şeytanla əlaqələndirir və ona sitayiş etdiklərini düşünürlər".

Lakin Yəzidi ənənələrinə görə, düşkün mələk - Lüsifer – Şeytan Allah tərəfindən bağışlanılıb və daha şər qüvvə deyil, xeyir sayılır.

Yəzidilərlə bağlı şübhələr onların təqib olunmasına gətirib çıxarıb. Osmanlı imperatorluğu dönəmində İslamı qəbul etməyən yəzidilər öldürülürdü. Digərləri Ermənistan, Azərbaycan, Suriya və Qafqazın başqa bölgələrinə köçüblər və indiyə kimi orada kiçik icmaları var. Almaniyada da yəzidi icması mövcuddur.

Dünyada nə qədər yəzidinin olduğu barədə etibarlı məlumat yoxdur. Lakin ekspertlər onların ümumi sayının bir milyondan az olduğunu və ən böyük icmanın İraqda yerləşdiyi barədə fikirlə razıdırlar.

Aprel ayında İraqdakı yəzidilər müsəlman oğlanla əlaqəsinə görə 17 yaşlı yəzidi qızın daşqalaq edilməsi ilə bağlı dünyanın diqqətini özlərinə çəkdilər. Mobil telefonla çəkilmiş daşqalaq səhnəsi bütün ölkədə yayılaraq nifrət doğurmuşdu. Bəhrinin sözlərinə görə, yəzidilər qapalı icmadır və kənardan gələnləri qəbul etmirlər:

"Onlar bu dinə yeni gələnləri qəbul etmirlər. Onlar başqa dinlərə inananlarla ailə qurmur, bu cür ailə quranları da qəbul etmirlər. Gənc qadının daşqalaq edilməsinin əsasında da bu durur. "

İraqın şimalında yəzidi kəndlərinin bombardman edilməsi də ölkənin siyasi və dini liderlərinin kəskin tənqidinə səbəb olub.

XS
SM
MD
LG