Accessibility links

İranda azərbaycanlı siyasi məhbusların ailə üzvləri həbs olunur


İranda üç ay bundan əvvəl həbs olunmuş tanınmış azərbaycanlı fəallar Səid Mətinpur və Behruz Səfərinin ailə üzvləri Leyla Heydəri və Əlirza Mətinpur avqustun 27-də Ettelaat məmurları tərəfindən həbs olunublar. Hüquq müdafiəçiləri siyasi məhbusların ailə üzvlərinin həbsi ilə bağlı etirazını bildirir.

Əlirza Mətinpur Azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan fəallardan biri, tanınmış jurnalist Səid Mətinpurun qardaşı, Leyla Heydəri isə digər Zəncanlı fəal Behruz Səfərinin xanımıdır.

Səid Mətinpur mayın 25-də həbs olunandan bəri ailəsi və vəkili ilə heç bir təmas imkanı verilmədən, ittiham irəli sürülmədən həbsdə saxlanılır. Beynəlxalq Amnistiya, İngiltərədə yerləşən Frontline hüquq müdafiəçiləri birliyi cənab Mətinpurun Tehranın Evin zindanının siyasi məhbuslar üçün 209-cu bəndində saxlanıldığını və televiziya ilə etiraflara məcbur edilmək üçün işgəncələrə məruz qaldığını bildirir.

Mətinpur həbs olunandan bəri ailəsinə olduqca qısa telefon zəngləri etmiş və yalnız sağ olduğunu xəbər vermişdi.

Səid Mətinpurla eyni gündə həbs olunmuş Zəncanlı fəal Cəlil Qənilu və onlardan 10 gün sonra həbs olunmuş Behruz Səfərinin ailəsi ilə heç bir təmasları olmamış, Səfərinin saxlanma yeri barədə də heç bir məlumat verilməmişdi.

İranda Azərbaycanlı məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olan qruplar, jurnalistlər və ziyalılar İran zindanlarında azərbaycanlı fəallara verilən işgəncələrə qarşı beynəlxalq ictimaiyyətin etirazını səfərbər etmək üçün fövqəladə komitə - İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi yaratmaq barədə qərar qəbul ediblər.

Komitənin sözçülərindən biri Əlirza Cavanbəxtin verdiyi məlumata görə, Faxtə Zamaninin rəhbərlik etdiyi Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası, Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsi və digər tanınmış hüquq müdafiəçilərini birləşdirən qurumun yaranmasına səbəb son zamanlar siyasi məhbuslara qarşı işgəncə hallarının artmasıdır.

Əlirza Cavanbəxtin sözlərinə görə, ailə üzvlərinin həbsi məhbuslardan etiraflar alınması üçün təzyiq üsulu olaraq istifadə oluna bilər.

Qeyd edək ki, Əlirza mətinpur bu il fevralın 21-də qardaşı Səid Mətinpurla birgə Ana dili Günü tədbirləri ilə bağlı həbs olunmuş, 10 gün həbsdə saxlandıqdan sonra vəsiqə zəmanəti ilə azadlığa buraxılmışdı. Leyla Heydərinin də əvvəllər bir neçə günlük həbsi olduğu bildirilir.

İşgəncə Əleyhinə Komitə sözçüsünün bildirdiyinə görə, ailə üzvlərinin həbsi və işgəncəyə məruz qalması azərbaycanlı fəallara təzyiq vasitəsi kimi İran xüsusi xidmət orqanları tərəfindən əvvəllər də istifadə olunub.

Komitə üzvləri hal-hazırda Tehranın Evin zindanında saxlanılan Səid Mətinpur, Cəlil Qənilu, Saleh Kamrani, Abdulla Abbasi Cavan, üç aydan artıqdır ki, həbs olunduqdan sonra harada saxlandığı bəlli olmayan Behruz Səfəri və İranın digər həbsxanalarında saxlanan onlarla məhbusun ağır işgəncə altında olmasından ciddi narahatlığını bildirir, media, hüquq müdafiə təşkilatları və işgəncə əleyhinə mərkəzləri qanunsuz həbslər və təzyiqlərə qarşı etiraz səsini ucaltmağa çağırır.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG