Avstraliya və Rusiya nüvə silahları istehsalında istifadə etməmək və digər ölkələrə satmamaq şərti ilə uran ixracına dair razılıq əldə ediblər. Avstraliyanın baş naziri Con Hovard və Rusiya prezidenti Vladimir Putin tərəfindən bu saziş bu gün Sidneydə APEK ölkələrinin illik sammiti ərəfəsində imzalanıb. Baş nazir Hovard bu razılaşmanın potensial nüvə təhlükəsi olduğununa dair fikirləri rədd edib. O bildirib ki, Rusiya uranın İran və ya Suriyaya satılmayacağından Avstraliyanı əmin edib. ABŞ rəsmiləri Rusiyanın təhlükəslziyi mühafizə edəcəyinə inandıqlarını və uranın İranın əlinə keçəcəyi ehtimalının onları narahat etmədiyini deyirlər. Dünyanın ən böyük uran ehtiyatına malik olan Avstraliya ildə 10000 tona yaxın uran ixrac edir.