Bu gün BMT-nin Baş Assambleyasının 62-ci sessiyasında çıxış edənlər arasında Konqo Demokratik Respublikası, Ruanda, Yaponiya və Vyetnam liderləri yer alır. Dünənki sessiya zamanı nitq söyləyən İraqın baş naziri Nuri Əl-Maliki ölkəsinin terrorizmlə mübarizədəki əzmkarlığından danışmış və onun digər ölkələrə yayılmasına mane olunmasının vacibliyini vurğulamışdır. Maliki demişdi ki, silah, pul axını və intiharçıların səfərbərliyi, fitvaların yayılması region və bütöv dünya üçün faciəvi nəticələr verə bilər. Lakin o eyni zamanda İraqın Əl-Ənbər vilayətində Əl- Qaidəyə qarşı mübarizədə nailiyyət əldə edildiyini demişdir. Dünən Kubanın xarici işlər naziri çıxışı zamanı Amerika və prezident Buşu təhdid və insanları yoxsulluğa sürükləyən siyasətinə görə kəskin tənqid etmişdi. O, prezident Buşun saxtakarlıq və hiylə yolu ilə hakimiyyətə gəldiyini və kimisə mühakimə etməyə onun mənəvi səlahiyyəti olmadığını demişdi.