Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays bəyan edib ki, israillilər və fələstinlilər aralarındakı münaqişəni həll etmək üçün illərdən bəri ən ciddi səylər göstərirlər. Xanım Rays bu açıqlamanı bu gün Ramallahda, fələstinlilərin prezidenti Mahmud Abbasla birgə məbuat konfransı zamanı verib.
ABŞ dövlət katbinin sözlərinə görə, o, noyabr ayında Birləşmiş Ştatların sponsorluğu ilə Yaxın Şərqə dair sülh konfransına təqdim ediləcək birgə sənədin hazırlanması üçün nə etməli olduğu məsələsi üzərində işləyəcək. Kondoliza Rays deyib ki, israillilər və fələstinlilərin hazırlayacağı sənəd ciddi, müstəqil və konkret bir sənəd olmalıdır. Dövlət katibi Raysın bildirdiyinə görə, prezident Buş İsrail-Fələstin məsələsində inkişafa nail olunması işinə olduqca ciddi yanaşır və münaqişəyə son qoyulmasını administrasiyanın ən böyük prioritetlərindən biri hesab edir.
ABŞ Dövlət katibi İordan çayının qərb sahilindəki Ramallaha İsraildə ölkənin baş naziri Ehud Olmertlə görüşündən sonra gəlmişdir.