Accessibility links

Amerikalı ekspertin fikrinə görə İran Azərbaycana qarşı təzyiq siyasəti yürüdür


İran prezidenti Mahmud Əhmədinəjadın Ermənistana səfəri regionda geo-strateji düzənin durumu haqda debatları yenidən canlandırıb. Azərbaycanın regionda rəqib hesab etdiyi Ermənisanla İslam Republikası arasındakı isti münasibətlər rəsmi Bakını razı salmır.

Eyni zamanda Azərbaycan rəhbərliyi İran dövləti ilə normal münasibətlərin saxlanmasına çalışır. ABŞ-ın qeyri - hökumət təşkilatı Xarici Siyasət Şurasının vitse-prezidenti İlan Berman xidmətimizlə söhbətində İranın Azərbaycana qarşı təzyiq siyasəti yürütdüyünü önə çəkib: “Iranın Azərbaycanla münasibətləri mürəkkəbdir. Onlar təzyiq və strateji təşəbbüslər vasitəsilə Azərbaycanı ABŞ-ın müttəfiqi kimi regionda çıxış etməkdən çəkindirməyə çalışırlar. Eyni zamanda Tehran çalışır ki, ölkənin şimal qərbində cərəyan edən separatizm quzeydəki Azərbaycan cümhuriyyətinə doğru istiqamət almasın. Buna görə də iran hökuməti etnik Azərbaycanlılara ciddi təzyiqlər tətbiq edir və cəhd edir ki, istənilən separatist tendensiya Güney Azərbaycandan quzeyə yox, əks istiqamətdə inkişaf etsin.”

Rəsmi Tehranın öz Azərbaycanlı vətəndaşları ilə rəftarını izah edərkən İlan Berman deyir ki, rəsmi Tehran özünün Azəri azlığının mövcudiyyətindən bərk narahatdır. Bermanın sözlərinə görə bunun arxasında ciddi səbəblər dayanır. “İranda yaşayan Azəri Türklərinin sayı Azərbaycan cümhuriyyətində yaşayanaların sayından çoxdur. Əgər İranın şimal qərbində müxalifət hərəkatı alovlansa onda bu ciddi separatist tendensiyalar yarada bilər və İranı qeyri-sabitliyə sürükləyər. Ona görə də ötən illərdə İran hökuməti Azərbaycanlıların həm iqtisadi həm də siyasi baxımdan əzilməsinə yönələn siyasət aparır. Tehran hər vəchlə çalışır ki, İranda yaşayan Azərbaycanlılar sərhəddən kənarda ələlxüsus Azərbaycanda özlərinə müttəfiq tapmasınlar.”

İranda bir sıra müxalifət qrupları İranın demokratik dövlət kimi inkişaf etməsi perspektivlərini tez-tez önə çəkir və bu yönümdə fəaliyyət aparmağın mühümlüyünü vurğulayırlar. Xarici Siyasət Şurasının eksperti İlan Berman İranın demokratik potensialına inandığını bildirib. Lakin onun fikrincə nə qədər ki, İranda İslamçı rejim hakimiyyətdədir, bu mümkün olmayacq. Bermanın sözlərinə görə İslam Respublikası əslində ölkə yox, sərhədləri olan inqilabi hərəkatdır və İslam Respublikası kimi inqilabi dövlətlər adətən öz azlıqları ilə yaxşı rəftar etmir və onlara siyasətdə bərabər təmsilçilik imkanları yaratmırlar. Bu səbəbdən də Bermanın sözlərinə görə İran hakimiyyətinə qarşı yönəlmiş etnik hərəkatlar dəstəklənməlidir, belə ki, hazırkı rejim xalqın iradəsini əks etdirmir və o, beynəlxalq sülhə təhlükədir.

XS
SM
MD
LG