İrandan verilən başqa bir xəbərdə deyilir ki, Tehran Universitetində nümayiş keçirən tələbələr ali məktəbin əsas qapılarını sındırıblar. İRNA xəbər agentliyinin verdiyi məlumata görə, prezident Mahmud Əhmədinejatın əleyhinə şüarlar səsləndirən etirazçılar əllərində bayraqlar dalğalandıraraq, həbs olunmuş üç tələbənin azadlığa buraxılmasına çağırıblar. İnsident ölkənin kəşfiyyat agentlərinin Tehran Universitetində qanunsuz nümayişlər keçirməyə hazırlaşan bir neçə nəfəri həbs etməsindən bir gün sonra baş verir. İranın Kəşfiyyat Nazirliyi bildirib ki, həbs edilənlər universitetə saxta tələbə biletləri ilə daxil olublar. Nazirlik anti-hökumət qruplarını Tehran Universitetində nümayişlər təşkil etməyə həvəsləndirməkdə şübhəli bilib.