Accessibility links

Rusiya ABŞ-ın raketdən müdafiə sistemi planından narahatdır


Emil Quliyev

ABŞ rəsmilərinin sözlərinə görə, Polşa və Çex Respublikasında quraşdırılması təklif olunan raketdən müdafiə sisteminə Avropa və ABŞ-a İran kimi ölkələrdən gələcək təhdidlərin qarşısını almaq üçün ehtiyac var. Buna baxmayaraq, özəl araşdırma şirkəti Silahlara Nəzarət Assosiasiyasından Veyd Bosun fikrincə, İran hazırda təhlükə mənbəyi deyil: “Bu təhdid ən azı yaxın 5 ildə real deyil. Hətta bəzi proqnozlara görə, bu hadisə 2015-ci ilə kimi baş verməyəcək. İranlıların uzunmənzilli balistik raketləri onlara təxminən 2000 kilometr məsafəni hədəfə almağa imkan verir. Ancaq Birləşmiş Ştatlara çatacaq qitələrarası ballistik raket 5,500 kilometrdən uzun məsafəyə göndərilə bilməlidir. Belə ki, onlar bir iş görməmişdən öncə, ABŞ-a çatacaq sistemi inkişaf etdirmək üçün texnologiyanı yaxşılaşdırmalıdırlar.”

Bu ayın əvvəlində ABŞ-ın yeni kəşfiyyat hesabatında İranın nüvə silahı proqramını 2003-cü ildə dayandırdığı deyilmişdi. Dekabrın 4-də Ağ Evdə təşkil olunan konfransda ABŞ prezident Corc Buş yeni hesabata baxmayaraq, Birləşmiş Ştatların İrana olan siyasətinin dəyişməyəcəyini bildirib. Ekspertlər hesab edir ki, yeni kəşfiyyat hesabatı Buş administrasiyasının Şərqi Avropada raketdən müdafiə sistemi quraşdırmaq planını da dəyişməyəcək.

Ancaq Rusiya rəsmiləri bu layihəni kəskin tənqid edirlər. Veyd Bos deyir ki, rəsmi Moskva Polşa və Çex Respublikasında qurğuların yerləşdirilməsini genişlənmə planının ilk addımı kimi görür: “Ruslar raketlərdən müdafiə qurğularının onların hazırkı yüzlərlə balistik raketlərinin sabitliyinə heç bir təhlükə olmadığından tam məlumatlıdırlar. Ancaq rəsmi Moskva bunu aysberqin görünən ucu hesab edir.”

Beynəlxalq Əlaqələr Şurasından “Nüvə terrorizmi haqda” kitabının müəllifi Maykl Levi Rusiyanın başqa səbəbdən etiraz etdiyini deyir: “Rusiya ABŞ-ın Avropada raketdən müdafiəni inkişaf etdirməsindən çox, Ağ Evin sabiq Sovet sferasının bir hissəsi olan ölkələrlə güclü əlaqələr qurmasından narahatdır. Misal üçün Çex Respublikası vaxtilə Çexoslovakiya kimi Sovet sferasının bir hissəsi olub. Polşa da həmçinin.”

Raketdən müdafiə planını tənqid edən Rusiya prezidenti Vladimir Putin sərt sözlər işlədib. O, ABŞ-ı dünyanın qüdrətli dominant dövləti olmağa çalışmaqda ittiham edib və rəsmi Vaşibqtonla Kreml arasındakı hazırkı ziddiyyətləri 1962-ci il Kuba böhranı ilə müqayisə edib.

Rusiya prezidenti ABŞ-a Çexiya və Polşanın əvəzində Azərbaycanın Qəbələ rayonundakı radardan müdafiə sistemindən birgə istifadəni təklif edib. Amerika rəsmiləri ABŞ-ın raketdən müdafiə sisteminin hesabına olmamaq şərtilə, Rusiyanın əməkdaşlıq təklifini müsbət qarşılayıb.

Bir çox ekspertlərin fikrincə, problemin yeganə həll yolu tərəflərin güzəştə getməsidir. Ancaq hazırda nə Ağ Evin, nə də ki Kremlin bu istiqamətdə nəticə əldə edəcəyi gözlənilir.
XS
SM
MD
LG