Accessibility links

Freedom House-un açıqladığı son hesabata görə dünya miqyasında mətbuat azadlıqları azalıb


Freedom House-un açıqladığı son hesabata əsasən mətbuat azadlıqları 2007-ci ildə qlobal şkala üzrə azalıb. Ən dərin narahatlıq doğuran məkanlar keçmiş Sovet İttifaqı, Asiya və Böyük Səhraaltı Afrika olub. Artıq 6-cı ildir ki, vəziyyət bu regionlarda pisləşməkdədir. Az sayda ölkədə baş verən müəyyən irəliləyişlər avtoritar hökumətlərin başqa ölkələrdə media mənsublarına qarşı kəskin və ardıcıl hücumlarını kölgədə qoyub. Əksər pisləşmələr Pakistan, Banqladeş və Gürcüstan kimi ölkələrdə siyasi böhranların fonunda baş verib. Bu basqılardan bəziləri medianın yeni növləri olan peyk televiziyalarını, Internet mediasını hədəfə alıb.

Mətbuat Azadlığı 2008: Media Müstəqilliyinin Qlobal Sorğusu adlanan hesabatın başlıca tapıntıları bu gün Vaşinqtonda açıqlanır. Mətbuat Azadlığı indeksi hər bir ölkədə nəşrin, yayımın və internet azadlığının dərəcələrini ölçür və bu rəqəmlərə əsasən ölkələrə reytinq verilir. Reytinqlər 3 geniş kateqoriyaya əsaslanır: medianın fəaliyyəti üçün qanuni mühit, jurnalizmə siyasi təsir , məzmun və xəbər yayılmasında iqtisadi təzyiqlərdir. Ən azad ölkəyə 0 rəqəmi verilir, azad olmayanlara isə maksimum 100 rəqəmi verilir. Ölkələr azad, qismən azad, azad olmayan statuslara bölünür.

Vəziyyətin pisləşdiyi öncül regionlardan biri keçmiş Sovet məkanıdır. Şərqi Avropanın da qatıldığı bu regiona daxil olan ölkələrdən 8-i azad, 10-u qismən azad, 10-u isə qeyri-azaddır. Əhalinin 18 faizinin azad mediaya çıxışı var. Tənəzzül özünü daha çox qanuni və siyasi kateqoriyalarda büruzə verib.

Mediaya nəzarəti ilə tanınan Sovet siyasi mədəniyyətini məhv edə bilmiş Şərqi Avropanın bütün ölkələri və 3 Baltik respublikası azad status alıblar. Bunun əksi olaraq 12 qeyri Baltik Sovet respublikasından 10-u azad olmayan ölkələr sırasındadır. 195 ölkə arasında 10 ən pis göstəriciyə malik olan ölkələr Belarus, Özbəkistan və Türkmənistandır. 2007-ci ildə bu məkanda göstəricilər mənfi istiqamətdə inkişaf edib.

Son müsbət irəliləyişlər Gürcüstan və Ukraynada qeydə alınıb. Regionun ən pis göstəriciləri isə Rusiya, Azərbaycan və Belarusa məxsusdur. Şərqi Avropa ölkələrinin rəqəmləri artdıqca, bu ölkələrdə vəziyyət daha da pisləşib. Mətbuat azadlığının məhdudlaşdırılması ilə əlaqədar beynəlxalq təşkilatların xüsusilə son vaxtlar tez-tez narahatlıqlarını bildirdikləri yer olan Azərbaycanın durumu bir az da pisləşib və nəticədə onun balı 75-dən 77-ə qalxıb.

Qeyd edək ki, ötən il Azərbaycan 75 balla 195 ölkə sırasında 164-cü yeri tutmuşdu. Bu indeksdə Azərbaycan bu yaxınlaradək totalitar diktatura olmuş İraq və Əfqanıstandan geridə qalırdı. Azərbaycanı həmçinin Ermənistan, Haiti və Venesuela kimi dövlətlər üstələyib. Azərbaycandan sonra 165-ci yerdə Rusiya, sonucu yerdə isə Şimali Koreya gəlib.

XS
SM
MD
LG