Accessibility links

ABŞ Mətbuatı: İranla münasibətlər gərginləşir


Livanda alovlanan döyüşlər, İraqın Sədr şəhərindəki qarşıdurma, Prezident Mahmud Əhmədinejadın qalmaqal doğuran bəyanatları Vaşinqtonda Tehranın məramları ilə bağlı pessimizmi dərinləşdirir. Vaşinqton Postun yazdığına görə Prezident Buş gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırdığı bir vaxtda regionda vüsət alan qarşıdurmalar Amerikanın maraqlarına zərbə endirir. ABŞ Dövlət Katibi Kondoliza Rays dünənki bəyanatında Hezbullanın tək hərəkət etmədiyini və bu işdə terror qrupunun İran və Suriya tərəfindən dəstəkləndiyini dilə gətirib. ABŞ rəsmilərinin fikrincə Hezbulla İrandan yaşıl işıq almadan Livanda bu cür hərbi çaxnaşma başlatmazdı. Lakin ABŞ hələ də Livandakı döyüşün fiziki yox, siyasi xarakter daşıdığına inanır, və əmindir ki, Hezbullanın hərəkətləri onun vətəndaş müharibəsinə qayıtmaq istəməyən əhali arasında nüfuzunu zəiflədəcək.

Bu arada İranın kəşfiyyat nazirliyi Aprelin 12-də Şirazdakı dini mərkəzdə baş verən partlayışa görə ABŞ və Britaniyanı ittiham edib. Postun yazdığına görə rəsmi Vaşinqton və London 12 adamın öldüyü və 202 adamın yaralandığı insidentdə heç bir əlinin olmadığını deyir. İslam Respublikası terror əməlində monarxistləri günahlandırır. Eyni zamanda Tehran iddia edir ki, Birləşmiş Ştatlar həmin qüvvələrə maddi yardım göstərməklə İran rejimini sıradan çıxarmağa çalışır.

İsrail dövlətinin yaranmasının 60-cı ildönümü tamam olduğu həftədə İran prezidenti Mahmud Əhmədinejad İsraili iylənən cəsəd adlandırıb. Nyu York Taymz Qəzeti yazır ki, Əhmədinjead habelə başqa ölkələrin İsrailə yardım etdikləri üçün öz xalqlarının nifrət odunda yanacaqlarını bildirib. O, İsrailin məhvə doğru gedən yolda olduğunu söyləyib.

Taymzın başqa məlumatında İranın ali dini lideri Ayətulla Əli Xamnei İran xalqının nüvə hüquqlarını müdafiə etmiş və heç kimin Tehranı bu yoldan döndərə bilməyəcəyini demişdir. Xamnei beynəlxalq sanksiyaların İran xalqının iradəsinə təsir göstərməyəcəyini bildirib. Qərb dövlətləri isə bu ərəfədə İrana yeni insentivlər paketi təklif etməyi nəzərdən keçirirlər. Rəsmi Tehran əvvəllər bu növ təklifləri rədd edib. İranın xarici işlər naziri Manuçehr Motəkki deyib ki, istənilən təklif İranın uran zənginlədirməsi proqramına toxunmamalıdır.

XS
SM
MD
LG