Accessibility links

İrandan Hindistana gedəcək boru kəmərinin Vaşinqton-Yeni Dehli münasibətlərinə təsiri


Hindistan inkişaf edən iqtisadiyyatını yanacaqla təmin etmək üçün İrana üz tutur. 2600 kilometrlik qaz boru xətti təklifi Hindistanın artan enerji tələbatını ödəmək üçün təbii qazı İrandan Hindistana nəql edəcək. 7.5 milyard dollar dəyəri olan xətt Pakistan ərazisindən keçəcək.

İran prezidenti Mahmud Əhmədinejadın Dehli və İslamabada son səfərlərindən sonra İslam respublikasının lideri və Pakistan prezidenti Pərviz Müşərrəf planlaşdırılmış boru kəməri qarşısında maneələri aradan qaldıra biliblər. Boru xəttinin İrana kömək edəcəyini anlayan Vaşinqton layihəyə etirazlarını davam etdirir.

Vaşinqtonun Yaxın Şərq İnstitutunda araşdırmalar direktoru Patrik Klausonun sözlərinə görə, ABŞ İranın nüvə proqramı məsələsində Hindistanın dəstəyindən razıdır. Ancaq Vaşinqton İran-Hindistan boru kəmərinin tikintisini heç cür qəbul edə bilmir: "Narahtlıq ondan ibarətdir ki, İranın neftinə və qazına beynəlxalq yatırımlar İran hökumətində özünə inam yaradır".

ABŞ İranın bu layihədən qazanc götürəcətini deyir və qorxur ki , bu, Tehrana qoyulan sanksiyaların təsirini azaldacaq. Bununla yanaşı, Hindistanın marağı aydın görünür. İran dünyanın ən çox neft-qaz istehsal edən ölkələrindən biri, Hindistan isə ən böyük 6 enerji istehlakçısından biridir. Ölkə xam neftinin 70 faizini idxal edir.

Hindistan xaric işlər naziri Şiv Şankar Menon deyir ki, İran və Hindistan arasında istər boru xətti, istərsə də əlaqələr olsun bu, nə Vaşinqton, nə də başqa 3-cü dövləti narahat etməməlidir: "Bizim İranla bütün fəaliyyətlərimiz açıqdır və hamıya aşkardır".

Birləşmiş Ştatlar prezident Corc Buş ABŞ-Hindistan strateji tərəfdaşlığını inkişaf etdirmək səylərinin bir hissəsi kimi ölkəyə nüvə reaktorları verməyi təklif edir.

BBC-nin keçmiş jurnalisti Viyan Rana deyir ki, ABŞ-ın Hindistana qaz boru kəmərindən imtina etməsi üçün təzyiq göstərməsi əks-təsirə səbəb ola bilər: "Hindistan ictimaiyyəti görəndə ki, amerikalılar Hindistana İranla yaxşı münasibətlər qurmaq istədiyinə görə təzyiqlər göstərir, onda soyuq müharibə xatirələri geri qayıdır və insanların çoxu xüsusilə də solçu partiyalar deyir ki, Amerika kimi superdövlətlər bizə təzyiq göstərməməlidir və biz kiminlə istəsək əlaqələr qurmaqda azad olmalıyıq."

Pakistan da bu layihənin həyata keçməsində maraqlıdır, çünki İrandan qaz əldə etməkdən əlavə, ölkə tranzit xərci kimi hər il bir milyard dollar gəlir götürəcək.

İran, Hindistan və Pakistan rəsmiləri layihənin 2012-ci ilə kimi tamamlanması barədə razılığa gəliblər və 2013-cü ildən İran Hindistan və Pakistana neft ixrac etməyi planlaşdırır. Bir çox analitiklər deyir ki, Hindistan ABŞ-la strateji əməkdalığın vacibliyini başa düşdüyündən İranla bağlanacaq hər hansı razılaşma haqda Vaşinqtonu məlumatlandıracaq.

Emil Quliyev
XS
SM
MD
LG