Accessibility links

ABŞ Mətbuatı: Qərbin İran siyasəti


Bu günlərdə İsrailin İranın nüvə obyektlərinə qarşı hücum məqsədilə təlimlər keçirməsi haqda xəbər açıqlanıb. Uol Strit Cornal qəzetinin baş məqaləsində İsrailin İranın nüvə proqramına rekasiyası haqda bəhs edilir. Rəsmi Tel Əviv adətən özünün həssas hərbi planlarını dünya ictimaiyyətinə açıqlamır. Lakin məqalə müəlliflərinin yazdığına görə 100 təyarədən ibarət hücum təliminin qəzet manşetlərində yer tapması təsadüfi deyil. İsrail uzaq məsafəli təlimlərlə İran rejiminə aydın mesaj göndərir: Ya nüvə proqramını dayandır, ya da hücum edəcəyik!

Baş məqalədə məsələnin bu nöqtəyə gəlib çatılmasına görə Qərb dövlətləri günahlandırılır. Son 6 ildə İsrail Buş administrasiyasının və Avropanın İranla bağlı diplomatik səylərini təmkinlə müşahidə edib. Lakin diplomatiya işləməyib, deyə yazıda bildirlir. İran indiyə qədər bütün texniki və iqtisadi yardımla dolu insentivlər paketini rədd edərək atom bombasının istehsalı üçün mühüm olan uran zənginləşdirilməsini dayandırmaqdan boyun qaçırıb. Vaşinqtonun 4 il davam edən yalvarışları və hədələri zəif BMT sanksiyaları və Rusiyanın İrana anti-təyyarə raketləri satması ilə nəticələnib. Belə olan halda İsrailin İranla bağlı məsələni öz əlinə götürməsi təəccüb doğurmur. Baş nazirin müavini Şaul Mofaz bu yaxınlarda xəbərdarlıq edib ki, əgər İran nüvə silahlarnın inkişafını dayandırmasa onda İsrail hücum edəcək. Ötən Sentyabrda İsrailin Suriyadakı obyektlərə zərbələr endirməsi deməyə əsas verir ki, İsrail boş hədələr etmir.

Eyni zamanda İrana hava zərbələri Suriya əməliyyatından çox fərqlənəcək. Əvvəla İran İsraildən qat-qat uzaqdadır və onun müdafiəsi daha möhkəmdir. Bundan əlavə İranın cavab qaytarma imkanları böyükdür. Bəzi ekspertlər bu növ hava zərbələrinin regional münaqişəyə gətirib çıxaracağından ehtiyat edirlər. Uol Strit Cornalın müəllif heyətinin fikrincə İrana qarşı son illərdə zəif mövqe tutulması müharibəni mümkün edir. İfrat güzəştlərin müharibə ilə nəticələnməsi isə tarixdə yad fenomen deyil.

Vaşinqton Post yazarı Fred Hiatt Buş administrasiyasında son zamanlar cərəyan edən maraqlı debat haqda oxuyucalara məlumat verir. ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri Tehranda ABŞ-ın maraq nümayəndələyinin açılmasını nəzərdən keçirirlər. Bu, əlbəttə, ABŞ-ın İranı diplomatik tanıması demək deyil. Amerikanın oxşar nümayəndəliyi Havanada da fəaliyyət göstərir. Müəllif Hiattın fikrincə İran rejimi ilə münasibətlərin son dərəcə soyuq olmasında baxmayaraq İran xalqı içərisində ABŞ-ın reytinqləri yüksəkdir. Bundan əlavə İran cəmiyyəti daxilində ciddi fikir ayrılıqları və iqtisadi problemlər mövcuddur ki, bunlar hökumətin mövqeyini zəiflədir. Hiattın fikrincə belə bir nümayəndəliyin açılması ABŞ rəhbərliyinə İranın gəncləri və ümümilikdə cəmiyyəti ilə təmas qurmağa imkan verər ki, bu, da ABŞ-ın İran siyasətindəki məqsədlərinə doğru irəliləyiş əldə etməsinə yol aça bilər.

XS
SM
MD
LG