Accessibility links

Kondoliza Rays Çində zəlzələ zonasına baş çəkib


ABŞ Dövlət Katibi Kondoliza Rays Çini Mayda Siçuan vilayətində baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq yönümündə göstərdiyi səylərə görə alqışlayıb. O, bu bəyanatı fəlakət zonasına səfəri zamanı açıqlayıb.

Dövlət Katibi Kondoliza Rays zəlzələ qurbanları ilə görüşmüş və ciddi dağıntılara məruz qalmış Duciangyan şəhərindəki çadır düşərgəsinə baş çəkmişdir.

“Bu xilasetmə səyləri və insanların ruh yüksəkliyi məndə dərin təəssürat buraxıb,” deyə Rays bildirib.

Yerli rəsmilər ona fəlakətin fəsadları haqda məlumat veriblər. Xanım Rays daha sonra ingiliscə uşaqlarla danışıb.

Zəlzələdən ölənlərin sayı 70 minə yaxındır. Bir çoxları isə dağıntılar altında qalmış və hələ də itkin düşmüş hesab edilir.

Xanım Rays Çinin zəlzələyə reaksiyasını qonşu Birma hökumətinin siklona reaksiyası ilə müqayisə edib. May ayında orada baş vermiş Nərgiz siklonu nəticəsində 130 min adam həlak olmuşdu.

ABŞ Dövlət Katibi Birma hökumətini beynəlxalq yardım səylərini əngəlləməkdə günahlandırıb. Siçuandan xanım Rays paytaxt Pekinə yollanıb. Orada o, Çin prezidenti Hu Cinato və baş nazir Ven Ciabao ilə görüşəcək.

XS
SM
MD
LG