Əfqanıstandakı
NATO qüvvələri
təsadüf nəticəsində 4 mülki vətəndaşı öldürüb, 3-nü isə yaralayıb. Hadisə
Helmənd vilayətində əsgərlər yoxlanış məntəqəsində saxlamayan avtomobilə atəş
açan zaman baş verib. Rəsmilər deyir ki, naməlum şəxslər avtomobili saxlamadığı
vaxt xəbərdarlıq atəşi açılıb, ancaq sonradan əsgərlər bunun yaraqlı hücumu
olduğundan qorxaraq avtomobili atəşə tutmağa məcbur olublar. NATO bu gün
açıqladığı bəyanatında hadisədən dərin təəssüf hissi keçirildiyini bildirib.
Bəyanatda bu lazımsız insidentin maşın sürücüsünün ehtiyatsız hərəkəti
ucbatından baş verdiyi qeyd olunur. Mülki vətəndaşların itkisi Əfqan hökuməti
ilə ölkədə fəaliyyət göstərən beynəlxalq qüvvələr arasında zəif nöqtədir. BMT
deyir ki, Talibanla xarici qüvvələrin cəbhə xəttində 700-ə yaxın əfqan mülki
vətəndaş öldürülüb.