Həmas təhlükəsizlik
qüvvələri 5 Həmas üzvünün və bir gənc qızın həyatına son qoyan bomba
partlayışından sonra Qəzza Zolağında Fətah qrupunun onlarla tərəfdarını həbs
edib. Dünən Qəzza şəhəri yaxınlığında baş verən partlayış nəticəsində 19 nəfər yaralanıb.
Hücum keçən il islamçı Həmas qrupu Fətaha bağlı təhlükəsizlik qüvvələrini
Fələstinlilərin ərazisindən çıxarandan sonra baş verən ən qanlı hadisədir. Bu
gün minlərlə Həmas tərəfdarı partlayış nəticəsində həlak olanların dəfn
mərasimində iştirak etmək üçün küçələrə çıxıb. Ali Həmas lideri Xəlil Əl-Hayya
isə hücuma görə Fətah liderlərini ittiham edib. Partlayış zamanı Əl-Hayyanın
qardaşı oğlu həlak olub, öz oğlu isə yaralanıb. O, cavabdehlərin cəzalandırılmalı
olduğunu deyib.