Zimbabve
dövlət mətbuatının bildirdiyinə görə, prezident Robert Muqabenin partiyası
müxalifətin hakimiyyət bölgüsü tələbini rədd edib. “Herald” qəzeti yazır ki,
hakim ZANU-PF partiyası kabinetə həm cənab Muqabe həm də müxalifət lideri
Morqan Çanqirayın rəhbərlik etməsi təklifindən imtina edib. Cənubi Afrikada
hakim partiya ilə Demokratik Dəyişiklik Hərəkatı arasında danışıqlar bərpa
olunandan bir gün sonra yenidən kəskin ittihamlar səslənib. İki həftə əvvəl heç
bir saziş imzalanmadan danışıqlar dalana dirənmişdi. Dünən isə Zimbabve
hökuməti beynəlxalq yardım qruplarının ərzaq və başqa yardımlar çatdırmasına
qoyduğu qadağanı ləğv edib. Qadağa bu ilin əvvəlində Muqabe hökuməti qrupları
müxalifəti dəstəkləməkdə ittiham edəndən sonra tətbiq olunmuşdu.