Accessibility links

Dik Çeyninin Azərbaycana səfəri başlayır


Amerikanın vitse-prezidenti Dik Çeyni sentyabrın 2-də Azərbaycana yola düşüb. O, Bakıda prezident İlham Əliyev və digər hakimiyyət təmsilçiləri ilə görüşəcək.
Ağ Ev bildirir ki, səfərin məqsədi regiondakı proseslərə və Amerika-Azərbaycan münasibətlərinə nəzər salmaqdır. Yüksəkrütbəli Amerika rəsmisinin Azərbaycan lideri ilə danışıqları zamanı ölkədəki islahatlar, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli zərurəti və enerji məsələləri də diqqət mərkəzində olacaq.
Vitse-prezident Azərbaycandan sonra Gürcüstana gedəcək. Amerika prezidenti Corc Buşun tapşırığına əsasən, Dik Çeyni bu səfər zamanı habelə Ukrayna və İtaliyada da olmalıdır.
Vitse-prezidentin səfəri ərəfəsində Amerika dövlət katibinin müavini Daniel Frid "The Financial Times" qəzetinə müsahibəsində bildirib ki, indi Birləşmiş Ştatların qarşısında duran iki əsas məsələ Gürcüstanı dəstəkləmək, və Rusiyaya yeni təsir zonası yaratmağa imkan verməməkdir. O bildirib ki, vitse-prezident Çeyninin regiona səfəri bu baxımdan böyük əhəmiyyətə malikdir. Belə ki, Cənab Çeyni daha böyük təhlükə altında olan üç ölkəyə - Gürcüstan, Azərbaycan və Ukraynaya baş çəkəcək. Amerika indiki dəyişkən situasiyada Moskvaya qarşı tədbirlər görməyə tələsməyəcək.
"Biz bu tədbirləri götür-qoy etməli, müttəfiqlərimizlə məsləhətləşməliyik", - deyib Daniel Frid.
Vaşinqtonda yerləşən Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirza diqqəti vitse-prezident Çeyninin səfər marşrutuna yönəldir. O bildirir ki, indi Azərbaycan çətin seçim qarşısındadır:
"Vitse-prezident Çeyni həm Tbilisidə, həm də Bakıda olacaq. Məlumdur ki, Tbilisdə prezident Saakaşviliyə dəstək verəcək. Bakıda isə prezident Əliyevə deyəcək ki, baxın, görün ruslar nələrə əl atırlar, neft və qaz kəmərləri da daxil olmaqla şərq koridoruna təhdidlər yaradırlar, biz sizin bizim yanımızda olmağınızı istəyirik. Bunları mütləq deyəcək. Amma Azərbaycan buna necə cavab verə bilər? Necə də olsa, şimalda Rusiya kimi bir güclü qonşusu var o qonşu da son hadisələrin timsalında regionda öz gücünü göstərib. Beləliklə, Azərbaycan 1-2 həftə əvvələ baxanda, indi çox çətin vəziyyətdədir".
Hadson Araşdırmalar Mərkəzinin Avrasiya proqramının direktoru Zeyno Baran isə ABŞ-ın vitse-prezidentinin regiona səfərinin Gürcüstandakı proseslərdən əvvəl planlaşdırıldığını deyir. Zeyno Baranın fikrincə, yüksəkrütbəli Amerika rəsmisi Bakıda və Tbilisidə Qərbin bu ölkələrin yanında olduğu mesajını verəcək.
Bəs Bakıda Amerika vitse-prezidentinin səfərindən nələr gözləyirlər? Politoloq Zəfər Quliyev deyir ki, Dik Çeyninin Azərbaycana gəlişi ya heç nə verməyəcək, ya da çox böyük əhəmiyyətə malik olacaq. Cənab Quliyev deyir ki, ABŞ indi ilk növbədə Azərbaycana təhlükəsizlik təminatı verməlidir. Çünki bu məsələləri həll etmədən heç bir enerji təhlükəsizliyi barədə danışmağa dəyməz.

XS
SM
MD
LG