Accessibility links

Faruk Loğoğlu: “Qafqazda psixoloji divar aradan qalxdı...“


Türkiyə mənbələri ölkə prezidenti Abdulla Gülün sentyabrın 10-da Azərbaycana səfər edəcəyini bildirirlər. Bu, Turkiyə liderinin həftəsonu qonşu Ermənistana səfərindən sonraya təsadüf edir. Cənab Gül Yerevanda Qarabağ münaqişəsi və Ankaranın "Qafqaz evi" adı altında tanınan təşəbbüsünu müzakirə edib. Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan da bu təşəbbüsə müsbət yanaşıb. Amma rəsmi Bakı Gül-Sarkisyan görüşü barədə hər hansı şərhdən çəkinib. Abdulla Gülün Yerevan səfərinin nəticələri barədə Ankaradakı "Avrasiya" Strateji Araşdırmalar Mərkəzinin prezidenti, Türkiyənin Azərbaycanda və Amerikada səfiri olmuş Faruk Loğoğlu "Amerikanın səsi"nə müsahibə verib:
Sual: Türkiyə prezidentinin Ermənistana səfərinin hansı nəticələri oldu? Bu səfərlə bir-biri ilə tarixi ədavəti olan iki qonşu ölkə arasındakı münasibətlərin yaxınlaşdığını demək olarmı?
Cavab: Prezident Abdulla Gülün Yerevana səfəri, məncə, faydalı oldu. Hər iki ölkədə, ümumilikdə Qafqazda psixolojı divarın artıq aradan qalxdığını deyə bilərik. Amma ən vacib məsələ bu səfərdən sonra baş verəcəklərdir. Yəni Türkiyə və Ermənistan xalqları, eləcə də Azərbaycan bu səfərdən hansı nəticələr çıxaracaq, bunları qarşıda görəcəyik. Bəlkə də, bu səfər, indiyə qədər bağlı olduğunu fikirləşdiyimiz bəzi qapıları aça bilər.
Sual: Yerevandan qayıdarkən Türkiyə prezidenti bildirib ki, Ermənistan tərəfi ilə soyqırım və torpaq iddialarını müzakirə etməyiblər. Ermənilərin Türkiyədən gözləntiləri məlumdur. Bu, sərhədlərin açılması və iqtisadi əməkdaşlıqla bağlıdır. Gülün səfərinin davamı olaraq, Ankaranın sözügedən məsələlərdə Yerevana güzəştlərə gedəcəyini gözləmək olarmı?
Cavab: Mən Ermənistanın bəzi sahələrdə, xüsusilə də Qarabağ məsələsində real addımlar atmadığı təqdirdə, Türkiyənin quru sərhədlərini açacağını ehtimal etmirəm. Belə ehtimalı çox uzaqda görürəm. Xüsusilə də, Türkiyə Qarabağ məsələsində hər hansı irəliləyiş olmadan Ermənistanı məmnun, Azərbaycanı isə narahat edəcək heç bir addım atmayacaq. Əlbəttə, bu səfərin reallaşması ilə Ermənistanın da artıq bəzi reallıqların fərqinə vardığını düşünmək olar. Yoxsa, sadəcə "gəlsin və aranı sakitləşdirək" deyə Türkiyə prezidentini çağırmadılar. Xüsusilə də son vaxtlar Rusiyanın Gürcüstana etdiklərindən sonra Yerevanda da rusiyameylli düşüncə tərzi bir qədər dəyişmiş ola bilər. Bu səbəbdən bəlkə də Ermənistan artıq yeni nöqtəyə gələ bilər. Yəni bunların qarşılıqlı olduğu təqdirdə Türkiyə ilə münasibətlərdə irəliləyiş mümkün olacaq. Amma mən Ermənistan heç bir addım atmadan Türkiyənin sırf "biz ora getdik, bir jest etdik və indi də bunu sərhədləri açmaqla davam etdirək" deyib, belə bir yola gedəcəyini düşünmürəm.
Sual:
İqtisadi konteksdən Ermənistanla əlaqələrin genişlənməsini Türkiyədə istəyənlər var. Belə çagırışlar mütəmadi olur, həmişə də Azərbaycanda həssaslıqla qarşılanıb. Bəs bu səfərdən sonra Ankara ilə Yerevan arasında iş adamları səviyyəsində təmasların artacağını, biznes əlaqələrinin genişlənəcəyini gözləmək olarmı?
Cavab: Əlbəttə ki, geniş mənada mən bu suala yox deyə bilmərəm. Çünki Ermənistan qonşu bir ölkədir. Amma iki ölkə arasındakı ticarətin, iqtisadi əlaqələrin artması quru sərhədlərinin açılması mənasında başa düşülürsə, bunun belə olacağını düşünmürəm. Ermənistanla ticarət məsələsində daha çox sərhəd bölgələrindəki vilayətlərimiz israrlıdırlar. Amma açıq deyəcəyəm. Bu əlaqələr nə qədər genişlənirsə genişlənsin, Ermənistanın iqtisadi gücü Türkiyənin xarici ticarətində çox kiçik bir yer alacaq. Siyasi sahədə bir irəliləyiş olmadan, Türkiyənin Ermənistanla iqtisadi əlaqələrinin də elə bir böyük həmlə edəcəyini düşünmürəm.
Sual: Yerevandan dönərkən prezident Gül Qarabağ məsələsini həmkarı Sərkisyanla detallı müzakirə etdiyini və bunun faydalı olacağını deyib. Türkiyənin regionda vasitəçilik təşəbbüsünü ələ alması nə qədər real görünür?
Cavab: Məsələ burasındadır ki, Rusiya Gürcüstana qarşı yürütdüyü son işğal siyasəti ilə Qarabağ ətrafındakı nizamlama potensialını artıq itirib. Niyə? Çünki qonşu ölkəyə təcavüzü, oradakı iki vilayəti tanıması və Gürcüstanın ərazi bütövlüyünü pozması Moskvanın Qarabağ problemində oynaya biləcəyi rolu əlindən aldı. Bu məsələdə artıq Rusiyanın heç bir bileti qalmayıb. Ona görə də, məncə, Minsk Qrupunun ömrü artıq tamamlanıb. Onun yerinə başqa bir prosesin başladılması lazımdır. Amma bəri başdan deyim ki, bu, Türkiyənin bəhsini etdiyi Qafqaz Evi deyil. Məncə, Qarabağ münaqişəsinin həlli üçün Türkiyə, Ermənistan, Azərbaycan və digər əlaqədar dairələrin, yəni Amerika və Avropa Birliyinin bir araya gəlməsi olduqca vacibdir. Əlbəttə, Rusiya tamamilə bu prosesdən uzaqlaşdırıla da bilməz. Amma Minsk prosesi içində bir nəticə əldə etmək ümidi Gürcüstandakı proseslərdən sonra artıq ölüb.
Sual: Abdulla Gülün Yerevan ziyarəti əvvəldən Bakıda o qədər də isti qarşılanmamışdı. Düzdür, olkə rəsmiləri bunun Türkiyənin daxili işi olduğunu bildirirdilər. Amma birbaşa olaraq bunu alqışlamadılar da. Sentyabrın 10-da isə Abdulla Gülün Bakıya səfər edəcəyi məlum olub. Ankara-İrəvan təmaslarının Bakı-Ankara münasibətlərində soyuqluq yaratdığını düşünmək olarmı?
Cavab: Zənn etmirəm. Çünki baş nazir Tayib Ərdoğan prezident Gülün səfəri ərəfəsində açıqlamalar verdi və bu məsələdə Azərbaycanla heç bir narahatlığın olmayacağını bildirdi. Əlbəttə, həm Türkiyədə, həm də Azərbaycanda bu səfərdən narahat olan insanlar var. Amma bu səfər həm regionun inkişafı, həm də Qarabağ probleminin həlli istiqamətində bəzi qapıları aça bilər. Əgər Azərbaycanda həqiqətən rəhbərlik səviyyəsində bu səfərlə bağlı bir inciklik oldusa, prezident Gül Bakıya gedəndə bunun açıqlamasını verəcək. İndi əsas məsələ Gülün Yerevana səfərindən sonra Türkiyə-Azərbaycan münasibətlərinin daha da güclü olmasıdır.

XS
SM
MD
LG