Accessibility links

Azərbaycanlı tələbələrin həbs müddəti uzadıldı


İran rejiminin təhlükəsizlik qüvvələrinin 2 ay öncə Təbriz şəhərində həbs etdiyi azərbaycanlı tələbə fəalları Səccad Radmehr, Aydın Xacei, Fəraz Zehtab, Dariuş Hatəmi və başqalarının sorğu-sual müddətinin uzadılması haqda qərar qəbul edilib. Bu məlumatı “Azərbaycan Siyası Məhbuslarını Müdafiə Komitəsi”-ASMEK Təbrizin Ettelaat Baş İdarəsinin Təcridxanasında saxlanılan Aydın Xaceinin qardaşına istinadən yayıb.

“ASMEK” məhbus Aydın Xaceinin qardaşı, Ramin Xaceiyə istinadən fəalların vəkillə təmin olunmadığını qeyd edir. ASMEK Tələbə fəallarının təkadamlıq kameralarda saxlanıldığını, təmiz havaya çıxmaq imkanlarının olmadığını, eləcə də onların ailə üzvləri ilə görüşməsinə icazə verilmədiyini vurğulayır. Təbriz Universitetinin başqa bir tələbəsi Əmir Mərdaninin də oxşar durumda olduğu bildirilir. İsfahan Universitetinin azərbaycanlı tələbəsi Məcid Makuinin qardaşı Elyar isə Məcidin saxlanma şəraitindən narahat olduğunu söyləyib.
“Azad Təbriz”in məlumatına görə, azərbaycanlı fəalların işinin araşdırılması üçün ayrılmış özəl müstəntiq Haşımzadə istintaq müddətinin daha iki ay uzadılması haqda qərar qəbul edib. Bunu Haşımzadə həbsdə olan fəalların valideynlərini qəbul edərkən bildirib. Məhbus valdeynlərinin özəl müstəntiq Haşımzadə ilə görüşü onların inadlı tələbləri və Təbrizin İslam İnqilabı Məhkəməsinin önündə gündəlik piketlərindən sonra baş tutub.

“Oyrənci”nın yaydığı xəbərlərə görə isə Təbriz Universitinin Texnika Fakültəsinin tələbələri Mənsur Əminiyan və Məqsud Əhdininin ümumiyyətlə harada saxlanması barədə dəqiq məlumat yoxdur. Bundan başqa, həbsdə olan fəalların yaxınlarına insan haqları qurumları və mətbuata məlumat sızdırmamaq haqda hədələyici xəbərdarlıqlar olunduğu da qeyd edilir. Məhbusların yaxınları və insan haqlarını müdafiə qurumları Ettelaat təcridxanalarında saxlanılan siyasi məhbuslara qarşı fiziki və ruhi işgəncələr verilməsi ilə bağlı narahatlıq keçirdiklərini söyləyir. Onu da qeyd edək ki, bir neçə gün öncə məhbus valideynləri həbsdə olan övladlarına işgəncə verilməsindən narahatlıq ifadə edərək, İranın Ali Məhkəməsinin sədrinə, Dövlət Divanına və İranın Baş Prokurorluğuna açıq məktub ünvanlamışdı.
XS
SM
MD
LG