Nyu Yorkda Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşü hələ
də diqqət mərkəzində qalmaqdadır. Tərəflər bundan sonra yüksək səviyyədə
dialoqların baş tutacağını istisna etmirlər. Paralel olaraq Azərbaycan və
Ermənistan rəsmiləri arasında da ikitərəfli dialoqların davam edəcəyi bildirilir.
Bütün bu təmaslar və Qarabağ münaqişəsilə bağlı son diplomatik fəallığın
mahiyyəti barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Amerikanın
səsi"nə danışıb. Müsahibəni təqdim edirik.
Sual: Nyu Yorkda
Dağlıq Qarabağ münaqişəsilə bağlı keçirilən təmasları necə qiymətləndirirsiniz?
Danışıqlar prosesində hansısa yeni addımdan danışmaq olarmı?
Cavab:
Məsələ burasındadır ki, biz sonuncu dəfə avqustun 1-də ATƏT-in Minks Qrupunun
həmsədrləri ilə Moskvada görüşərkən belə razılığa gəlmişdik ki, növbəti görüşü
Nyu Yorkda keçirək. Belə ki, BMT Baş Assambleyasının 63-cü sessiyasında
iştirakımız bizə belə fürsət yaradırdı. Daha sonra isə, məlum olduğu kimi,
Gürcüstandakı hadisələrin ardınca Türkiyə tərəfi regionda Sülh və Sabitlik
Platforması adlı bir təşəbbüs irəli sürdü. Həmin vaxt isə biz artıq yeni görüş
razılaşdırdıq. Bu dəfə Türkiyə Ermənistan və Azərbaycan xarici işlər nazirləri
səviyyəsində.
Danışıqların mahiyyətinə gəldikdə, ilk
növbədə demək istərdim ki, həmsədrlərlə görüşümüz sadəcə, növbəti təmasdır.
Gürcüstandakı hadisələrdən sonra bəzi yeni məqamlar ortaya çıxıb və biz də onun
əsasında müzakirələr apardıq. Bir məqamı da vurğulayım ki, həm Ermənistanın
xarici işlər naziri, həm mən, həm də həmsədrlər özləri belə bir fikir
səsləndiriblər ki, artıq Qarabağ münaqişəsi də region üçün təhlükısizlik
baxımından böyük problem yaradır. Və mümkün qədər tez şəkildə biz hansısa
irəliləyişə nail olmalıyıq. Buna görə də Nyu Yorkda razılığa gəldik ki,
müzakirələri davam etdirək. Növbəti addım olaraq çox güman ki, ya həmsədrlər
regiona gələcəklər, ya da biz nazirlər hansısa paytaxtlardan birində görüş
keçirəcəyik. Amma belə razılaşdırmışıq ki, görüş məsələsini daha detallı olaraq
1-2 həftədən sonra müzakirə edək.
O,
ki, qaldı Türkiyənin təşəbbüsünə, Azərbaycanın mövqeyi müsbətdir. Türkiyənin
təklifləri artıq masanın üzərindədir. Biz üçtərəfli görüşdə yekdilliklə elan
etdik ki, Türkiyənin təşəbbüsü çox maraqlıdır, müsbət təşəbbüsdür və biz onun
üzərində çalışaq. Yəni ümumi şəkildə bu platforma ilə regionda hansısa bir yeni
mərhələyə - regiona stabillik və sülh gətirməyə çalışaq. Əlbəttə, biz
müzakirələri davam etdirməliyik.
Sual: Azərbaycanla Ermənistan arasında münaqişə hələ də davam edərkən,
Qafqazda sabitlik təşəbbüsü nə qədər realdır?
Cavab: Bu, aktual sualdır, amma biz gərək çalışaq. Əlbəttə ki, Qafqazda
sabitliyə nail olmaq üçün Qarabağ münaqişəsi ətrafında xüsusi olaraq hərəkət
etməliyik ki, hansısa yeni mərhələyə çıxaq. Azərbaycan tərəfi məsələni belə
qoyur ki, ilk növbədə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş torpaqlardan 7
rayon azad edilsin, erməni qoşunları oradan çıxsın və məcburi köçkünlər geri
qayıtsınlar. Ondan sonra yeni mərhələ açıla bilər. O baxımdan ki, bölğədə
hərtərəfli kommunikasiya başlaya bilər və ondan sonra bu, hansısa yeni imkanlar
da yarada bilər. Bu
baxından da biz gərək çalışıb sübut edək ki, bu münaqişə doğrudan da regionun
təhlükəsizliyinə böyük zərərdir və onu tezliklə yerindən tərpətmək lazımdır.
Əlbəttə ki, Qarabağ konflikti çox dərin
münaqişədir, onu bir gün və ya bir həftə ərzində həll etmək çətindir. Məhz buna
görə Azərbaycan tərəfi təklif edir ki, bu, mərhələli proses əsasında olsun. Biz
addım-addım hansısa irəliləyiş əldə edə bilərik. Mən inanıram ki, biz buna nail
ola bilərik.
Sual: Belə başa düşdük ki Türkiyənin son təşəbbüsləri ilə ATƏT-in Minsk Qrupunun fəaliyyəti arasında bir
koordinasiya mövcuddur...
Cavab: Minsk Qrupunun həmsədrləri təkcə Dağlıq Qarabağ münaqişəsilə bağlı
fəaliyyət göstərirlər. Türkiyənin təşəbbüsünə isə daha çox geniş mənada baxmaq
lazımdır. Yəni bu, regional platforma məsələsidir. Beləliklə, onlar məsələlərə
daha geniş müstəvidə yanaşırlar.