Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğan NABUKKO layihəsinin taleyini müzakirə etmək üçün bu
gündən Türkmənistana rəsmi səfərə çıxır. Türkiyə hökümətinin açıqlamasına görə,
iki günlük səfərin əsas mövzusu habelə regional əməkdaşlıq məsələləri olacaq.
Ankarada belə hesab edilir ki, Türkmənistan qazının Azərbaycan və Türkiyə
vasitəsi ilə Avropaya ixracı məsələsi hazırda böyük sual altındadır. Belə ki,
son iki ayda Qafqazda baş verən hadisələr qaz layihəsinin də reallığı barədə
şübhələri artırıb.
Ankarada yerləşən
Avrasiya Strateji Araşdırmalar Mərkəzinin
rəhbəri Sinan Oğanın fikrincə, Ərdoğanın Aşqabad səfəri NABUKKO-nun
taleyini müəyyən edəcək. Amma cənab Oğan deyir ki, Azərbaycan da bu danışıqlara
cəlb edilməlidir.
"Bu günə qədər çox şey danışılsa da,
protokollar imzalansa da, Türkmənistanla ciddi bir layihəni hələ də reallaşdıra
bilməmişik. Əlbəttə, bunun əsas səbəbi
Xəzər dənizindən keçməli olan xəttin heç cür müəyyənləşməməsidir. Türkmən
qazının NABUKKO-ya çıxışı üçün yeganə düzgün yol Azərbaycan marşrutudur.
Deməli, təkcə Türkiyə-Türkmənistan
əlaqələri bu iş üçün azdır. Ona görə də, Azərbaycanı bu prosesə gətirmək
lazımdır. Məncə, Tayib Ərdoğanın Türkmənistan səfəri isə NABUKKO xəttinin
taleyini müəyyənlirmək üçün önəmlidir".
Türkiyəli analitik
deyir ki, indi NABUKKO layihəsi əvvəlkindən daha realdır. Onun fikrincə,
Gürcüstandakı hadisələr bu kəmərin təhlükəsizliyi barədə sualları ortadan
qaldırıb, belə ki, Gürcüstanın daha Abxaziya və Osetiya kimi problemləri
qalmayıb. Və bu ölkədə yaxın illərdə növbəti müharibənin olacağını gözləmək
olmaz.
Vaşinqtondakı siyasi
dairələrdə isə Rusiyanın Gürcüstana təcavüzündən sonra Orta Asiya və Xəzər
qazının Avropaya alternativ yollarla nəqli məsələsində o qədər də nikbinlik
müşahidə olunmur. Strateji və Beynəlxalq Araşdırmalar mərkəzinin eksperti
Bülənt Əlirza deyir ki, indi NABUKKO layihəsinin vəziyyəti əvvəlkindən daha da zəifdir.
"Türkmənistan qazının
Xəzərin altından Azəbaycana, oradan isə Türkiyəya və NABUKKO layihəsilə
Avropaya getməsi danışılmışdı. Amma Türkmənistan artıq qazını, çox günam ki
Rusiyaya verəcək. Beləliklə, Xəzərin altından keçək kəmər üçün keşmişdə də
ehtimal zəif idi, indi daha da zəifdir. Qafqazda müharibə olub. Orada yeni bir
kəmər çəkmək üçün pul tapmaq da lazımdır. İndi dünyada qlobal maliyyə böhranı
da yaşanır. Bu böhranda kim ola milyardlarla dollarlıq yatırım qoyacaq, bu da
sual altındadır. Məncə, qarşıda Azərbaycan qazınını bir hissəsini Türkiyəyə,
digər hissəsini bəlkə də, Rusiyaya satacaq. Türkmən qazı Qərbə yox, Rusiyaya
gedəcək. Bir tərəfdən də Rusiyanın Türkiyəyə yeni təklifi var: Mavi axının
ikincisini çəkmək. Deməli, Türkiyə təkcə Şərq-Qərb xəttində önəmli rol oynamır,
o cümlədən Şimal-Cənub layihəsində də Rusiya ilə işbirliyinə girib və onun
lobbiçiliyini aparır".
Bülənt Əlirza deyir
ki, son iki ayda Qafqazda cərəyan edən
hadisələr enerji diplomatiyasının mənzərəsini dəyişib. Və yeni mənzərədə Qərbin
o cümlədən Azərbaycan kimi ölkələrin hansı rol oynayacağını bir neçə həftədən
sonra Amerikanın yeni prezidenti müəyyənləşdirəcək.