Accessibility links

İran büdcəsi ciddi kəsirlə üzləşir


İran mediasının məlumatına görə, dünya bazarlarında neft qiymətlərinin kəskin dərəcədə ucuzlaşması qara qızıldan tamamilə asılı olan Tehran hökümətinin büdcəsinə ciddi təsir göstərir. “Şəhab News” xəbər Agentliyinin İranın Mərkəzi Bankının rəisi, Mahmud Bəhməniyə istinadən yaydığı bilgiyə görə, dövlət gəlirlərinin 85 faizini təşkil edən neftin qiymətinin düşməsi İranda ağır büdcə böhranına səbəb ola bilər. Öncə İranın neft naziri, Qulamhuseyn Nözari də neftin kəskin ucuzlaşması nəticəsində ölkə gəlirlərinin yarıyadək azalacağını bəyan etmiş və özəlliklə isetehsal sahəsinə sərmayə qoyulması yönündə ciddi çətinliklər yaranacağını söyləmişdi. Böhrandan yeganə çıxış yolu isə neft qiymətlərinin yenidən yüksəlməsi ola bilər. “Esre-nou” və “İran Emruz”-un məlumatlarına görə, İran höküməti neftin qiymətinin artmasına nail olmaq məqsədi ilə OPEK-in növbədənkənar iclasını çağırıb. İclasın əsas gündəliyi isə neft istehsalını azaldılmasından ibarətdir.

İran prezidenti Mahmud Əhmədinejad bir müddət öncə bildirmişdi ki, bundan sonra dünya bazarlarında neftin qiyməti 100 dollardan aşağı enməyəcək. Bu gün İranın yüksək keyfiyyətli olmayan neftinin hər barreli 63 dollara satılır. Həmin mənbələrin məlumatına görə, Tehranın son 3 ildə neft satışından 190 milyard dollardan artıq gəlir əldə etməsinə baxmayaraq, hazırda ölkənin Neft Fondunda yalnız 14 milyard dollar vəsait qalıb. Yenicə istefa vermiş İran Milli Bankının keçmiş başçısı, cənab Məzahirinin dediyinə görə, onun İran prezidenti ilə ixtilafının səbəblərindən biri də Neft Fondunda olan pulların məntiqsizliklə xərclənməsi olub.

XS
SM
MD
LG