Rusiya prezidenti Dmitri Medvedev bu
gün Ermənistana səfərini başa vurduqdan dərhal sonra Azərbaycan prezidenti
İlham Əliyevə telefonla zəng edib. Kremlin yaydığı məlumatda bildirilir ki,
dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıblar.
Əsas müzakirə mövzusu yaxın vaxtlarda baş tutacağı gözlənən Azərbaycan, Rusiya
və Ermənistan prezidentlərinin üçtərəfli görüşünə hazırlıq məsələləri
olub. Azərbaycanda isə müstəqil
siyasətçilər ölkə başçısını Moskva görüşünə qatılmamağa, Qarabağ danışıqlarına
fasilə verməyə çagırırlar. “Amerikanın səsi”nin əməkdaşı Ələkbər Raufoğlu
məsələ ilə bağlı sabiq dövlət müşaviri Vəfa Quluzadə ilə söhbət edib:
Sual: Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan
prezidentlərinin görüşməsinə hazırda ehtiyac varmı?
Cavab: Mən hesab edirəm ki, Rusiya
tamamılə qeyri-səmimidir. Çünki Gürcüstana hücum edəndən sonra dünyaya mesaj
göndərir ki, mən sülhpərvər dövlətəm və Minsk Qrupunun üzvü kimi, fəaliyyətimi
davam etdirirəm və sülh axtarışındayam. Amma əslində bu, Rusiyanın özünün
yanlış imicidir. Çünki Qarabağı işğal edən əslində Rusiya olub. Ermənistanın
özü də hazırda tamamilə işğal altındadır. Orada yerləşən bazaların hamısı
Ermənistana tuşlanıb ki, Yerevan sülhə doğru addım atmasın. Yəni həmişə sülh
yaxın yaxın olanda, Rusiya ona zərbə endirib. İndiki şəraitdə isə Rusiya yalnız
özünü sülhpərvər kimi nümayiş etdirmək istəyir. Ona görə prezidentləri Moskvaya
dəvət edir və görüş təşkil etmək istəyir. Hesab edirəm ki, bu görüşün heç yeri
deyil. Qoy Rusiya əvvəlcə Gürcüstana qarşı götürdüyü bütün öhdəliklərinin
yerinə yetirsin: Gürcüstan bərpa olunsun. Əgər Rusiya Dağlıq Qarabağda sülh
istəyirsə, bunu aşağıdakı formada istəyir: erməni qoşunlarının əvəzinə bölgəyə
sülhməramlı qoşunlar adı ilə rus işğalçıları yerləşdirilsin. Yəni, Azərbaycan
torpaqları yenə də təkbaşına Rusiya qoşunlarının işğalı altında olsun. Rusiya
Azərbaycandan pay almasa, heç vaxt bu məsələyə kömək etməz.
Sual: Bir neçə gün əvvəl ABŞ rəsmisi Daniel Frid də Qarabağ
münaqişəsinin bu ilin sonuna qədər həllinin mümkünlüyünü bəyan edib.
Vaşınqtonla Moskvanın son səyləri arasında koordinasiya varmı?
Cavab: Daniel Fridin təkrar etdiyi məsələlər təzə deyl. O, bir daha
bildirdi ki Ermənistanla Azərbayca çətim qərarlara hazır olmalıdır. Bunları
Stiven Mənn də deyib, ondan əvvəl də deyiblər. Medvedev də elə bunları təkrar
edir. İndiki şəraitdə Rusiyanın başı böhrana, Amerikanın başı isə seçkiyə
qarışıb. Ona görə də, biz Ameirkadakı seçkiləri gözləməliyik. Orada hakimiyyətə
kimin gəlməsindən asılı olmayaraq, Administrasiya dəyişəçək. Biz onlarla əlaqə
qurmalı, problemlərimizi izah etməliyik. Ondan sonra məsələnin həllinə
yaxınlaşa bilərik.
Sual: Deməli, hesab edirsiniz ki, Azərbaycan Moskva görüşünə
qatılmamalıdır?
Cavab: Görünür,
Azərbaycan prezidenti Moskva görüşünə qatılmaq istəmirdi. Lakin bu gün Medvedev
telefonla zəng etdi və çox təkidlə xahiş etdi. Yəqin ki hər halda, bundan sonra
Azərbaycan prezidenti razılıq verər. Amma heç nəyin dalınca nə qədər getmək
olar? Moskvada, Sankt-Peterburqda nə qədər görüş keçirilib. Nəticədə ortalığa
heç bir şey qoyulmadı. Məncə, burada bir balaca fasilə vermək lazımdır...