Accessibility links

ABŞ Mətbuatı: İraqdakı Amerika qüvvələrinin statusu


Bu günlərdə İraq kabineti bir araya gələrək ABŞ qüvvələrinin 2008-ci ildən sonra İraqdakı mövcudiyyətini müzakirə edib. Kabinet rəsmilər qərara gəliblər ki, razılığın İraq ictimaiyyət tərəfindən qəbul edilməsi üçün müəyyən düzəlişlərə ehtiyac var. Təklif olunan razılıq ABŞ qüvvələrinə Iraqda əlavə 3 il qalmağa icazə verəcək. İraq xarici işlər naziri Hoşyar Zebari isə Əl Ərəbiyyə telekanalına müsahibədə bildirib ki, İraq parlamenti güman ki, Noyabrın 4-ü ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl məsələni həll etməyəcək.

Washington Post qəzetinin yazarı Deyvid İqnatius öz məqaləsində İraqda ABŞ qüvvələrinin statusu ilə bağlı dalana dirənmiş durumu həmin ölkə daxilindəki təriqətlərarası münasibətlər, İranın müdaxiləsi və qarşıdan yaxınlaşan ABŞ seçkiləri ilə izah edir. İqnatiusun sözlərinə görə bir çox İraqlılar ölkələrinin suverenliyini qorumağa səy göstərirlər. Ən azı razılığı təsdiq etməməklə onlar güman edirlər ki, ABŞ əvvəllər olduğu kimi məsələni BMT Təhlükəsizlik Şurası qarşısında qaldıraraq həll edəcək. Lakin ABŞ-ın İraqdakı səfirinə istinad edən İqnatius bu təsəvvürün yanlış olduğunu deyir. Belə ki, dəyişkən beynəlxalq şəraitdə ABŞ üçün BMT-dən avtomatik mandat almaq elə də asan olmayacaq. Bu, isə ona gətirib çıxara bilər ki, ABŞ qüvvələri İraqdakı əməliyyatlarını dayandırmağa məcbur ola bilərlər. İraqın 3 əsas etnik qrupunu təşkil edən Sünnilər, Şiələr və Kürdlər bir-birlərinə etibar etmir. Ölkənin şimalında Kürdlərlə Ərəblər arasında tez-tez toqquşmalar baş verir. Belə olan halda Amerikalılar aydın ediblər ki, Bağdad hər problemdə Vaşinqtonun yardımına hesab aparmamalıdır. Bundan əlavə İranın saziş prosesinə müdaxiləsi də Amerikalıları narahat edir. Dolaşan son xəbərlərə görə İrandan gələn əməliyyatçılar İraq qanunvericilərinə rüşvət vermək üçün özləri ilə külli miqdarda pul gətiriblər. İqnatiusun yekun rəyinə görə rəsmi Bağdad Amerika seçkilərini gözləyir və güman edir ki, Demokrat namizəd Barak Obama prezident seçiləcəyi halda Vaşinqtondan daha yaxşı şərtlərlə razılıq əldə edə biləcək.

Boston Globe qəzetinin baş məqaləsində Nuri əl Maliki hökumətinin yürütüdüyü siyasət iki bir-birinə düşmən münasibət bəsləyən gücləri razı salmaq cəhdi kimi dəyərləndirilir. Aydındır ki, vəziyyətin qeyri sabit olduğu İraqda hökumətin Amerika qüvvələrinə böyük ehtiyacı var. O biri tərəfdən ümumilli seçkilər yaxınlaşır və İraqlıların az qala 70 faizi ABŞ əsgərlərinin ölkədə qalmasının əleyhinə çıxırlar. Bu xüsusda İraq siyasətçiləri öz müstəqilliklərini nümayiş etdirməyə çalışırlar. Qonşu İran isə hər vəchlə öz kandarında Amerika hərbi mövcudiyyətinə son qoymaq istəyir. Belə olan halda Boston Globe redaktorları növbəti Amerika liderini İranın İraqdakı mənfi təsirini nəzərə almağı və buna uyğun olaraq İraq daxilindəki fraksiyalarla təmasları gücləndirməyi tövsiyə edir.
XS
SM
MD
LG