Accessibility links

Rasim Musabəyov:  “Azərbaycanlılar seçkiyə getməsə…”


İranın Ali Ruhani rəhbərinin prezident Mahmud Əhmədinejatın səlahiyyətlərini məhdudlaşdırmasına baxmayaraq, bir çox müşahidəçilər onun İran prezidentliyinə yenə də əsas namizəd olacağını düşünürlər. Bu fukrin tərəfdarlarından olan politoloq Rasim Müsabəyov “Amerikanın səsi”nə müsahibəsində İrandakı seçkiöncəsi vəziyyət və ona İran azərbaycanlılarının mümkün təsirləri barədə danışıb:

Sual: İranda qarşıdan gələn prezident seçkilərini necə proqnozlaşdırırsınız? Seçkilərdə sərt xətt tərəfdarları qalib gələ bilər, yoxsa islahatçılar?

Cavab: Açığı, bunu indilik birmənalı demək çətindir. Çünki ortada hələ Rəfsəncaninin tərəfdarları var ki, onlar hansı tərəfə meyllənərsə, həmən tərəfin üstün çıxmaq ehtimalı da artır. Digər tərəfdən, seçkilər ümumi şəraitdən də asılı olacaq. Yəni, İrana qarşı hansı yanaşmalar olacaq. Və o yanaşma o cümlədən daxili seçimə öz təsirini göstərəcək. Habelə, seçkilər neftin qiymətindən də asılı olacaq. Qiymətlər aşağı düşəcəksə və İran büdcəsində hansısa problemlər yaranacaqsa, o zaman populist addımlar atmaqla elektoratı öz tərəfinə çəkmək imkanları da mövcud iqtidar üçün bir qədər məhdud olacaq. Nəhayət, bu məsələdə çox şey bilavasitə dini rəhbərin mövqeyindən asılı olur. Onun siyasi qüvvələri hansısa istiqamətə yönəltmək imkanı var. Əhmədinejatı da hakimiyyətə əslində, dini rəhbər gətirib və bu vaxta kimi dəstəyini də verirdi. Lakin hakimiyyətə gətirdikdən sonra, onun səlahiyyətlərini məhdudlaşdırmağa başladı. Faktiki olaraq, Əhmədinejatın rəqibi olan şəxsin Tehran Meriyasına keçməsinə imkan yaratdı. Və yaxud, parlamentə spikerliyi yenə də Əhmədinejatın ikinci rəqibi, mühafizəkar Laricaninə tapşırdı. Yəni hiss olunur ki, Əhmədinejat hələlik dəstəklənsə də, dini rəhbər eyni zamanda onun imkanlarını məhdudlaşdırmağa meyllidir. Məncə, hələlik əsas namizəd yenə də Əhmədinejat göstəriləcək.

Sual: Bu ay Azərbaycanda keçirilmiş, eləcə də gələn ay Amerikada keçiriləcək prezident seçkilərinin İrandakı seçkilərə nə kimi təsirləri ola bilər?

Cavab: Hər halda, Azərbaycandakı seçkilərdə gözlənilən nəticə əldə olunub. Düşünmürəm ki, bu, bilavasitə İrandakı vəziyyətə hansısa təsir göstərsin. Əslində, təsirlər daha çox movcud Azərbaycan iqtidarının öz siyasətində hansısa dəyişikliklərə yol verib-verməməsi ilə əlaqədar ola bilər. Məsələn, Azərbaycan Amerikaya daha da yaxınlaşaraq, İranın daxili vəziyyətinə təsir göstərə bilər. Amma bilavasitə seçki prosesinin hansısa təsirini düşünmürəm. O ki qaldı, Amerikadakı seçkilərə, bəli, bu, İran üçün vacibdir. Hiss olunur ki, onlar hesab edirlər ki, Obama prezident olsa, bu, İran üçün yaxşı haldır və onunla dialoq aparmaq mümkündür. Hərçənd, bunun özü də sual altındadır. Obama dəfələrlə elan edib ki, İranla danışmaq lazımdır, halbuki, bu ifadəni istifadə edəndə Əhmədinejatın adını çəkmir, daha çox bu ölkəyə faktiki rəhbərlik edən dini lideri nəzərə alır. Ancaq hər halda, danışıqlar tərəfdarıdır və o, danışıqları təkcə nüvə silahı ilə yox, daha geniş gündəliyi əhatə etməklə aparmağa hazırlaşır. İran bunda özü üçün bir imkan görür. Düşünürəm ki, həm kompromisə meylli qüvvələr, həm də Əhmədinejatın komandası bundan istifadə etməyə meylli olacaqlar.

Sual: Bəs İranda ən böyük çoxluq olan azərbaycanlılar ölkədəki seçki prosesinə hansı təsirləri göstərə bilərmi?

Cavab: Təbii ki, müəyyən təsirlər ola bilər. Yəni, İran da dəyişikliklər tələb olunan ölkədir. Yeni nəsil gəlir. Və o yeni nəsil üçün köhnə siyasi oyunlar, bir çox hallarda dinə bağlı oyunlar, məhdudiyyətlər qəbulolunan görsənmir. Bəli, İrana hücum ehtimalları barədə əhval-ruhiyyə süni şəkildə vahidlik təmin edirdi, ancaq köhnə baxışlarla yeni nəslin marağını oyatmaq qeyri-mümkün olacaq. Düşünürəm ki, azərbaycanlıların bir çoxu və yeni nəslin tam əksəriyyəti ümumiyyətlə bu seçkilərdən boyun qaçıracaq. Və bu, mövcud rejimin böhranının ən böyük təzahürü olacaq.

XS
SM
MD
LG