Accessibility links

“Qarabağ probleminin həlli üçün nadir şans yaranıb”


Ermənistan özünü Azərbaycanla mümkün hərbi əməliyyatlara hazırlayır. Bunu Dağlıq Qarabağ ermənilərinin hərbi rəhbəri Movses Akopyan bəyan edib. Şənbə günü Xankəndidə və Şuşa yaxınlığında Ermənistan prezidenti Serj Sərkisyanın iştirakı ilə hərbi təlimlər və təntənəli parad keçirilib. Ermənistanın müdafiə naziri Seyran Ohanyan əməliyyatlardan sonra bildirib ki, onlar ordunu Azərbaycana qarşı preventiv hərbi əməliyyatlara yox, vəziyyətdən irəli gələrək, Dağlıq Qarabağa mümkün hücum təhlükəsini neytrallaşdırmaq üçün regiona nəzarəti artırmağa hazırlayırlar. Ermənistanın bu hərbi ritorikası və eəlcə də Dağlıq Darabağda ermənilərin hərbi təlimləri son zamanlar münaqişə ətrafında diplomatik fəallığın artdığı dövrə təsadüf etdiyi üçün, bir çox yerli və beynəlxalq ekspertləri çaşdırıb. Belə ki, tezliklə Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək.

Bu arada, Azərbaycan rəsmiləri də Qarabağ danışıqlarının bir nəticə verməyəcəyi təqdirdə mümkün müharibə ehtimalı barədəki bəyanatlarını təkrarlamağa başlayıblar.

Münaqişələrin tədqiqi üzrə nüfuzlu Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının direktoru Sabina Freyzer hesab edir ki, Azərbaycan və Ermənistan prezidentləri indi yalnız bir məsələ üzərində düşünməlidirlər. Bu məsələ Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsiplərinin əks olunduğu saziş üzərində razılığa gəlməkdir. Xüsusilə də regionda qarşıdurmanın artdığı və Rusiyanın öz nüfuzunu bərpa etmək üçün tərəfləri sülhə hazırladığı bir vaxtda. Xanim Freyzer “Amerikanın səsi”nə müsahibəsində diqqəti ona yönəldib ki, Qarabağ probleminə dair sülh danışıqlarında indi həlledici bir dövr yetişib. Bəs hərbi əməliyyatlar bərpa olunarsa, son zamanlar Qarabağla bağlı sülhpərvər təkliflərlə çıxış edən Moskva kimin yanında olacaq? Xanim Freyzerin bu suala cavabı yoxdur: “Biz bilirik ki Rusiya Ermənistanın təhlükəsizliyinə qarant kimi çıxış edir. Çox mümkündür ki regionda mümkün qarşıdurmada Rusiya mürəkkəb bir vəziyyətə düşəcək. Düzdür, Azərbaycanın da öz müttəfiqləri var. Amma məncə Qafqazda ikinci beynəlxalq konflikt yaratmaq ən pis seçim olardı. Ona görə də indi hamı diqqətini yalnız və yalnız sülhə yönəltməlidir. Mən ondan narahatam ki, əgər indiki əlverişli vəziyyətdə də razılaşma əldə olunmasa, Praqa prosesi tamamilə dayana bilər. Sonra isə onu yenidən başlamaq çətin olacaq. Beləliklə də, bütün tərəflərin bu münaqişənini həll iüçün səylərini artırması olduqca vacibir”. Sabina Freyzer deyir ki, Azərbaycan öz hərbi büdcəsinin artması ilə öyünməməlidir, çünki təəccüblü də olsa, Yerevan da özlüyündə iqtisadi cəhətdən inkişaf edib və hərbi xərclərini artırıb. O cümlədən ekspertə görə, Ermənistan da düşünməsin ki, vaxt onun tərəfindədir, çünki Qarabağın de-fakto müstəqilliyin reallığa çevriləcəyinə etinasız yanaşmaq çətindir. Freyzerə görə, vaxtla oyun oynamaq bütün maraqlı tərəflər üçün təhlükəlidir. Riskli mərhələ indi olmasa da, gələcəkdə özünü göstərəcək. Beynəlxalq ekspertə növbəti sualımız Türkiyənin vasitəçilik səyləri barədə oldu: “Mən hesab edirəm ki, Türkiyə prezidenti Gülün Yerevana səfəri çox müsbət hal idi. Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşması təkcə bu iki ölkə üçün faydalı deyil, həm də bütün region üçün yaxşıdı. Amma bu yaxınlaşmanın məhz Qarabağ probleminin həlli baxımından əhəmiyyətinə fikir vermək lazımdır. Ümid edirəm ki, Türkiyə faydalı vasitəçi kimi çıxış edə bilər”. Sabina Freyzer onu da deyib ki, son vaxtlar Qarabağ probleminin həllinə beynəlxalq diqqətin artması da nadir şansdır və belə imkan bir də ələ düşməyə bilər.

XS
SM
MD
LG