Accessibility links

ABŞ Mətbuatı: İqtisadi böhran dərinləşir


Dünya boyu mərkəzi banklar tarixdə ən iri kredit böhranından çıxmaq üçün sələm faizlərini kəsməkdə davam edir. ABŞ-da Mərkəzi Bank funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Fondu cəmi 2 həftə ərzində sələm faizlərini ikinci dəfə kəsmək üzərində düşünür. Avropa Mərkəzi Bankı da bu arada eyni addımı atacağını bəyan edib. Washington Post qəzetinin yazdığına görə dünya hökumətlərinin kütləvi xilas və stimul paketləri qəbul etməsinə baxmayaraq böhran nöqtələri artmaqda davam edir. Analitiklər deyir ki, hökumətlər qlobal maliyyə böhranının panikaya saldığı investorların davranışını nizamlamağa və müəyyən istiqamətə yönəltməyə çalışırlar. İstehlakçılardan tutmuş multi-milyard dollarlıq fondlaradək investorlar itkilərini azaltmaq üçün bazardan kütləvi qaçır və pullarını ABŞ qiymətli kağızlarına axıdırlar.

Lakin sələm faizləri əvvəlki effekti vermir. Adətən mərkəzi banklar sələm faizini endirəndə bizneslər və fərdlər üçün pul borc götürmək ucuzlaşır. Amma indi vəsait çatışmazlığı ilə üzləşən banklar və başqa maliyyə institutları kredit verməkdən çəkinirlər. İnvestorların çəkinməsi isə qlobal səhm birjalarında ağır enişlərlə müşayiət olunur. Honq Konqun səhm bazarı dünən 1989-cu ildən bəri ən kəskin enişini yaşadı. Tokyonun Nikkey indeksi isə son 26 ildə ən aşağı səviyyəyə düşüb. Postun yazdığına görə dünya ölkələrində cərəyan edən təlatüm valyuta mübadiləsinə də ciddi təsir göstərib. Hərçənd ki, Amerika iqtisadiyyatına etimad zəifləyib, xarici investorlar ABŞ dollarına başqa valyutalarla müqayiqəsədə daha çox etibar edirlər. Braziliya, Meksiko və Cənubi Koreya kimi inkişaf etməkdə olan bazarlarda korporasiyalar külli miqdarda pul itirdiklərinə görə həmin ölkələrin pul vahidləri dəyərlərini itirib. Yaponiyada isə bunun əksi baş verir. Çoxlu yen borc alan investorlar yapon pulunun dəyərini dollar və avroya nisbətdə qaldırıblar.

New York Times qəzetinin yazdığına görə Amerikada Avqust ayında ev qiymətləri kəskin enib. Ötən illə müqayisədə Avqust ayında Amerikanın 20 şəhərində ev qiymətləri 16.6 faiz düşüb. Bu Case-Shiller Ev Qiyməltəri İndeksində bir il ərzində qeydə alınan ən iri qiymət enişidir. Sorğuda nəzərdən keçirilən hər bir şəhərdə qiymətlər 5 ay ardıcıl olaraq düşüb.

Ən pis təsirə məruz qalan şəhərlər Feniks və Las Veqas olub. Burada qiymətlər 31 faiz düşüb. Qiymətlər həmçinin Los Anceles, Mayami, San Dieqo və San Fransisko şəhərlərində də enib. Avqustla İyul arasında qiymətlər yalnız 1 faiz düşüb ki, bu, da qiymət enişində yavaşımanın göstəricisi kimi dəyərləndirilə bilər. Həmin ay ərzində yalnız 2 şəhərdə - Klivlend və Bostonda qiymətlər cüzi olaraq artıb. Çikaqo və Denverdə isə qiymətlər sabit qalıb. Artıq bir neçə aydır ki, ABŞ-da ev qiymətləri kəskin düşməkdədir. Bu, isə işlərin itirilməsinə və ev inşaatı sənayesində, eləcə də qlobal maliyyə sistemində dərin böhrana yol açıb. Ev bazarındakı tənəzzülü əsas gətirərək ləvazimat istehsalçısı olan Whirlpool şirkəti bu yaxınlarda yüzlərlə işçini ixtisara salıb. Bununla da ev sahibləri gəlirlərinin azaldığını müşahidə edirlər. Eyni zamanda Times ucuzlaşan qiymətlərin əvvəl-axır iqtisadi dirçəlişə yol aça biləcəyini qeyd edir.
XS
SM
MD
LG