Accessibility links

Eldar Namazov: `Qarabağ problemi 3 məsələdə ilişib`


Qarabağ danışıqlarının son bir ildə haqqında çox bəhs olunan Madrid prinsipləri üzə çıxıb. İndiyədək nə Azərbaycanda, nə də Ermənistanda ictimaiyyətə açıqlanmamış bu prinsiplərin mətnini erməni mətbuatı qeyri-diplomatik mənbəyə istinadən yayıb.

Madrid sənədi olduğu iddia edilən bu layihədə münaqişə tərəflərilə yanaşı, ATƏT-in Minsk Qrupu və Avropa Birliyinin də üzərinə bir sıra öhdəliklər qoyulur.

Sənəd konkret olaraq, təhlükəsizliyə və beynəlxalq sülhməramlıların yerləşdirilməsinə zəmanət verilməsi, erməni silahlı qüvvələrinin Kəlbəcər və Laçın üçün xüsusi şərtlər olmaqla, Dağlıq Qarabağ ətrafında işğal olunmuş bütün ərazilərdən çıxarılması, deportasiya olunmuş əhalinin qayıtması, Dağlıq Qarabağın yekun statusunun sonda səsvermə ilə müəyyənləşdirilməsi; buna qədər müvəqqəti statusun təyin edilməsi və digər öhdəlikləri nəzərdə tutur. Layihədə habelə yekun konsensus alınmayanda, razılaşdırılması mümkün olanı razılaşdırmaq və mübahisəli bəndləri dəqiqliklə göstərmək tövsiyə olunur.

İki həftə əvvəl Moskvada Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında imzalanmış bəyannamədə də anışıqların Madrid prinsipləri üzərində sona çatdırılması zəruri sayılır.

Vaxtı ilə Qarabağ danışıqlarının yaxından iştirakçısı olmuş Prezident Katibliyinin sabiq rəhbəri, hazırda “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov Amerikanın səsinə müsahibəsində Madrid sənədini və bütövlükdə nizamlama prosesinin son durumunu təhlil edib:

Sual: Mətbuatda dərc edilən Madrid sənədi həqiqidirmi? Əgər belədirsə o, əvvəlkilərdən nə ilə fərqlənir və Azərbaycan üçün hansı müsbət və ziddiyyətli tərəfləri var?

Cavab: Fikir versək, mətbuatda açıqlanan sənəd bir neçə hissədən ibarətdir. Yalnız birinci hissədə Madrid prinsiplərinin arasından ən vacibləri öz əksini tapıb. Ondan sonrakı bölmələrdə isə daha çox Avropa Birliyinin bü məsələyə münasibəti, atılmalı addımlar və sair. bəhs olunur. Yəni orada birbaşa Minsk Qrupunun mandatına aid olmayan məsələlər var. Məndə olan məlumata görə, Madrid prinsipləri təxminən 10-a yaxındır. Bu sənəddə isə yalnız 5-6 prinsip öz əksini tapıb.

Sual: Yəni siz dərc olunan sənədin etibarlılığına şübhə edirsiniz?

Cavab: Əslində bu sənədin məzmunundan hiss olunur ki, o hansısa Avropa İnstitutlarının birində hazırlanaraq ortaya atılıb. Yəqin ki, məqsəd ictimai rəyi öyrənib, onu nəyəsə hazırlamaqdır. Məncə bu, planlaşdırılmış aksiyadır.

Sual: Bəs bu məzmunda sənəd Azərbaycan ictimaiyyəti üçün qəbul olunandırmı?

Cavab: Açığını deyim, bundan da ətraflı sənədlər olub. 2 il bundan öncə Minsk Qrupunun həmsədrləri Vyanada daha geniş bir bəyanat hazırlayaraq, orada əsas prinsipləri əks etdirdilər və sənəd internet vasitəsilə yayıldı. Amma o dövrdə nə Azərbaycan, nə də Ermənistan hakimiyyəti bu məsələlərin ictimaiyyətin müzakirəsinə çıxarılmasında maraqlı deyildi, ona görə də geniş müzakirə aparılmadı. Prinsipial olaraq, artıq aydındır ki, ən ciddi problemlər Qarabağın ətrafında işğal olunmuş rayonların boşaldılması, Kəlbəcərlə Laçının xüsusi statusu və referendum məsələsidir. Problem bu üç məsələ ətrafında ilişib və illər boyu bir razılığa gəlmək mümkün olmayıb, bu gün də vəziyyət elədir. Danışıqlar illərdir ki, olduğu yerdə qalıb.

Sual: Maraqlıdır ki, son zamanlar həm yazılı, həm də şifahi bəyanatlarda Azərbaycanla Ermənistan, öz aralarında konsensul əldə etməyənə qədər, razılaşdırılması mümkün olanı razılaşdırmağa çağırılır. Habelə beynəlxalq zəmanətin gücləndirilməsi zəruri sayılır...

Cavab: Gəlin bu məsələləri dəqiqləşdirək. Belə fikirlər səslənir ki, razılaşdırılmayan mnəsələlər qalsın sonraya. Bu, əslində mərhələli plana bir işarədir və orada Azərbaycan üçün bir təhlükə yoxdur. İkinci məsələ isə bizim üçün təhlükəlidir. Azərbaycan razılıq verib ki, sülh sazişi imzalanandan sonra onun ərazisində beynəlxalq sülhməramlılar yerləşdirilsin. Bu, bizim tərəfimizdən çox böyük güzəştdir və ölkə ərazisində xarici dövlətlərin kontingentinin yerləşdirilməsi deməkdir. Ancaq sülhməramlı qüvvələrin statusu, mandatı, onların hansı ölkələri təmsil edəcəkləri olduqca vacibdir. Bu məsələlərdə Azərbaycan diplomatları çox diqqətli olmalıdırlar. Çünki bu bizim milli təhlükəsizliyimizə hədədir və onu nəzərə almalıyıq.

XS
SM
MD
LG