Accessibility links

Beynəlxalq ekspert: `Gürcüstandakı müharibə hələ bitməyib`


Mərkəzi qərargahı Londonda yerləşən beynəlxalq İnsan haqları qrupu - Amnesty İnternational Rusiya və Gürcüstanı Cənubi Osetiyada insan hüquqlarının pozulması hallarının araşdırılmasına imkan verməyə çağırıb. Təşkilatın bu gün açıqladığı hesabatda deyilir ki, Gürcüstanın ayrılmaq istəyən regionunda avqust ayında qısa müddətli müharibə zamanı hər iki tərəf ciddi pozuntulara yol verib.

Amnesty avqust ayında Rusiya ilə Gürcüstan arasında baş verən münaqişə zamanı dinc əhaliyə vurulan zərbəyə görə məsuliyyəti hər iki tərəfin üzərinə qoyur. Hesabatda deyilir ki, müharibə vaxtı beynəlxalq qaydaların pozulmasına hər iki tərəf yol verib.

“Dinc əhali atəş xəttində” adlanan sənəddə 5 günlük müharibənin yekunları təhlil edilir.Müəlliflər hesab edirlər ki, indi beynəlxalq ictimaiyyət qarşısında təkcə atəşkəs rejiminə riayət edilməsinə nail olmaqla Gürcüstanda sülh və sabitliyi bərpa etmək durmur. Beynəlxalq birlik həmçinin bu münaqişə nəticəsində insan haqları və Avropanın təhlükəsizliyi planında meydana çıxan bir sıra fundamental məsələləri həll etməlidir.


Hesabatda tərəflər münaqişə zamanı yol verdikləri səhvləri nəzərdən keçirməyə çagırılır.

Amnesty bildirir ki, münaqişədən 100 gün keçmiş didərgin düşən 20 minədək etnik gürcü evlərinə qayıtmaq imkanından məhrum edilib. Beynəlxalq təşkilatın hesablamalarına görə, münaqişənin qızğın çağlarında, əsasən gürcü qaçqınlarının sayı 200 minə yaxınlaşıb.

Təşkilatın analitiki Con Delhaysonun sözlərinə görə, bütün beynəlxalq konvensiyalara və öhdəliklərə baxmayaraq, həmin adamların hazırda da təhlükəsizliyi təmin edilməyib. Belə ki, Cənubi Osetiya ilə Gürcüstan arasında faktiki olaraq sərhədyanı qeyri-sabitlik zolağı yaranıb.


Hesabatda deyilir ki, münaqişənin ilk günlərində Tsxinvalinin gülləbarana tutulması nəticəsində mülki əhali arasında itkilər baş vermişdi.


Amnesty İnternational tərəfləri Beynəlxalq araşdırmanın keçirilməsinə çağırır. Cənubi Osetiya ilə Gürcüstan arasındakı bufer zonasında keşik çəkən Beynəlxalq müşahidəçilər bildirirlər ki, bölgədə vəziyyət bir qədər sabitləşsə də, zorakılıq hallarının arası kəsilmir.

Bu məqam Qərb dairələrini ciddi narahat edir, belə ki, adi bir qığılcımla qarşıduran tərəflər istənilən zaman əməliyyatları bərpa edə bilərlər. Oxford Universitetinin professoru Qafqaz üzrə mütəxəssis Mark Almond da hesab edir ki, Gürcüstandakı müharibə hələ bitməyib.

Amerikanın səsinə müsahibəsində cənab Almond deyib ki, Gürcüstan hadisələrindən sonra bölgədə sabitliyin pozulması qüvvələr balansının nə qədər kövrək olduğunu göstərdi. Bölgədə tərəflərin maraqlarını tutuşdurmaq olduqca çətin bir məsələdir. Məhz buna görə tələsmək lazımdır.

Bu arada isə, Gürscüstan mənbələri Tbilisinin Qərb ölkələrini onun ərazisindəki münaqişə bölgəsinə sülhyaradıcı qüvvə göndərməyə çağırdığını bildirirlər.

XS
SM
MD
LG