Accessibility links

Serj Sarkisyan Abdulla Gülün dəvətini qəbul etdi


Bir sıra təhlilçilər son günlər Türkiyə ilə Ermənistan diplomatlarının əslində simvolik hesab edilən qarşılıqlı səfərlərinin iki ölkənın münasibətlərinə cüzi diplomatik irəliləyişə gətirəcəyini bildiririlər. Hazırda İstanbulda olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin Türkiyəyə qarşı mövqeyinə bəzi dəyişilliklər etdiyini və Ankaranın da bunu başa düşdüyünü bildirib. Amma bir-biri ilə tarixi zidiyyətləri olan bir iki qonşu ölkənin hansı məsələlərdə anlaşdıqları barədə məlumat verilmir.

Türkiyə mənbələri noyabrın 24-də Edvard Nalbandyanın türkiyəli həmkarı Əli Babacanla görüşündə 5 məsələnin müzakirə olunduğunu bildiririlər. Bunlar 1915-ci il hadisələrinin tədqiqi üzrə birgə komissiyanın yaradılması, erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılma müddətini müəyyən ernəklə Ermənistan-Türkiyə sərhəddinin açılması, Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə səfərinin hazırlanması və Qara dənizdə Təhlükəsizlik və Əməkdaşlıq Platforması çərçivəsində əməkdaşlıq məsələləridir.

Mətbuat yazır ki, bunlardan başqa Nalbandyana diplomatik münasibətlər qurulmadan Türkiyənin Ermənistanda səfirini Yerevana göndərmək də təklif oluna bilər. Amma əvvəlcə Ermənistan 1915-ci il hadisələrinin tədqiq edilməsi üzrə birgə tarixçilərdən ibarət komissiyanın yaradılmasına razılaşmalıdır.

Birbaşa olaraq erməni soyqırımı məsələsi isə qəzetlərin yazdığına görə, müzakirə olunmayıb. Edvard Nalbandyan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı katibliyinin iclasında iştirak etmək üçün İstanbuldadır. Ermənistan bir aydır ki, bu təşkilata sədrlik edən ölkədir.

Mətbuat qarşısında çıxışı zamanı Nalbandyan deyib ki, onun ölkəsi Türkiyə ilə münasibətlərin normallaşması üçün səy göstərəcək. Onun sözlərinə görə, prezident Serj Sarkisyan Abdulla Gülün gələn ilin oktyabr ayında Türkiyə-Ermənistan futbol matçını İstanbula bərabər izləmək təklifini qəbul edib.

Nalbandyan deyib ki, ikitərəfli münasibətlərin normallaşdırılması üçün dialoqu axıra kimi davam etdirmək lazımdır. O xatırladıb ki, “Abdulla Gülün Yerevana səfəri buna yaxşı zəmin yaradıb”. Erməni nazir vurğulayıb ki, Yerevan heç bir ön şərt olmadan diplomatik əlaqələrin qurulması, sərhədlərin açılmasına tərəfdardır.

Qarabağa gəldikdə, Nalbandyana görə, bu probleminin həlli istiqamətində müsbət addımlar onsuz da atılır. Nalbandyan onu da deyib ki, hətta müharibə şəraitində olan bir çox ölkələrin də diplomatik münasibətləri var və bir-birləri üçün açıqdırlar. O habelə bildirib ki, onun nikbinliyi Türkiyə tərəfi ilə danışıqlara əsaslanır.

Bəs Ankarada erməni nazirin açıqlamalarına hansı münasibət bəslənilir? Avrasiya Stratejı Araşdırmalar mərkəzinin Erməni Araşdırmalar İnstitutunun rəhbəri Ömer Engin Lütem Amerikanın səsinə bildirib ki, Ermənistan rəsmilərinin bu cür nikbin bəyanatlar verməklə əslində nəyə əsaslandıqları onlara məlum deyil. Amma məlum olan budur ki, Türkiyə həqiqətən də son vaxtlar Yerevanla münasibətlərini aydınlaşdırmağa, daha doğrusu bəzi həqiqətləri qonşusuna başa salmağa çalışır:

“Türkiyənin niyyəti Ermənistanla olan bir çox problemlərinə həll tapmaqdır. Amma bu, Türkiyənin Ermənistanla olan siyasətinə bir dəyişiklik gətirmir. Xüsusilə də Azərbaycanla bağlı. Yəni Türkiyə Ermənistanın o torpaqlardan çıxmalı olduğunu yenə deyir, qaçqınların evlərinə qayıtmasını yenə istəyir. Bü məsələlərdə Türkiyənin köhnə mövqeyində dəyişən heç nə yoxdur”.

Vaxtı ilə Türkiyə diplomatoyasının Ermənistanla bağlı siyasətinə rəhbərlik etmiş Ömər Engin Lütəm iki ölkə arasında sərhədlərin birdən birə - qeyd -şərtsiz açılması ilə bağlı Ankaranın hər hansı qarara gedəcəyinə inanmır:

“Sərhədin açılması bir çıx şərtlərə bağlıdır. Qarabağ məsələsində heç olmasa bir həll ehtimalı olmasa, mən Türkiyənin buna gedəcəyini zənn etmirəm”.

Ermənistanla Türkiyə arasında əlaqələrin inkişafı Bakıda da diqqətlə izlənilir. Ancaq Azərbaycan rəsmiləri baş verənləri aydınlaşdırıb təhlil etmək üçün Türkiyənin xarici işlər naziri Əli Babacanın gələn həftə Bakıya səfərini maraqla gözləyirlər. Ankara isə bildirir ki, strateji müttəfiqi olan Bakının maraqlarına Türkiyə - Ermənistan diplomatik fəallığı nəticəsində xələl gəlməyəcək.

XS
SM
MD
LG