Accessibility links

BMT İrana qarşı qətnamə qəbul edib


Birləşmiş Millətlər Təşkilatının ümumi yığıncağında İranda İnsan haqlarının pozulması barədə Kanadanın təqdim etdiyi qətnamə layihəsi qəbul edilib. Yığıncaqda keçirilən səsvermə zamanı İranda “İnsan haqlarının sistemli şəkildə pozulmasının davam etməsi” haqda qətnamə layihəsinə 79 ölkə müsbət, 78 ölkə isə mənfi səs verib. 29 ölkə səsverməyə qatılmayıb.

Sonda, BMT-nın İnsan Haqları Komitəsində səsverməyə təqdim edilən layihə 72 səslə qəbul edilib. 50 ölkə qətnaməyə qarşı çıxıb, 55 ölkə nümayəndəliyi isə səs verməyə qatılmaqdan imtina edib. Qətnamədə İran dövlətinin sistemli olaraq öz əhalisinin hüquqlarını pozduğu vurğulanır. Bu ölkədə etnik azlıqlara qarşı ayriseçkiliklərin davam etdiyi, insan haqlarını müdafiə edənlərin isə təqiblərə və işgəncələrə məruz qaldığı bildirilir. Eləcə də, bəhailər, yəhudilər, sünnilər və başqa dini azlıqların davamlı olaraq ayrıseçkiliklərə və təzyiqlərə məruz qaldığı bəyan edilir. Bundan başqa, İranda qadınlara qarşı diskriminasiyanın davam etdiyi söylənilir. Qətnamə həm də, İranda edamların, özəlliklə azyaşlıların edamının, eləcə də insanların daşqalaq edilməsi və bədən orqanlarının amputasiyası kimi dəhşətli cəzaların dayandırılmasına çağırır.

Kanadanın xarici işlər naziri Lorens Kenun qətnamənin qəbul edilməsini alqışlayaraq bildirib ki, onun ölkəsi azadlıq, demokratiya və insan haqları kimi dəyərlərin dünyaya yayılması üzrə prinsipial xarici siyasətini davam etdirəcək. O, İran rejimini insan haqları üzrə öhdəliklərinə əməl etməyə çağırıb.

İran BMT-də səfiri, “öz yerli əhalisinə qarşı pis davranan Kanadanın insan haqları məsələsində İrana mühazirə oxumasına haqqı yoxdur!” deyə öz narahatlığını bildirib.

2003-cü ildə Kanadalı foto-müxbir Zəhra Kaziminin İranda həbs edilməsi və Tehranın “Evin” həbsxanasında aparılan istintaq zamanı ölümündən sonra bu ölkə hər il İrana qarşı qətnamə təşəbbüsü ilə çıxış edir. İran hökümətinin xanım Kaziminin meyidinin Kanadaya aparılması və orada ekspertizasına imkan verməməsi, rəsmi Ottavanın Tehrandakı səfirini geri çağırmasına səbəb olmuşdu.

XS
SM
MD
LG