Accessibility links

Helsinkidə Qarabağ danışıqları keçirilir


Bu gün Helsinkidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupu həmsədrləri ilə danışıqlar keçirir. Beynəlxalq vasitəçilər ATƏT-in sammiti çərçivəsində baş tutmuş bu görüş nəticəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regional bəyannamənin qəbul olunacağına ümid bəsləyirlər.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb Reuters agentliyinə müsahibəsində deyib ki, bəyannamə sammitin sonunda qəbul olunacaq. O deyib ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinə dair irəliləyişə nail olublar və münaqişə donmuş formadan birdəfəlik çözümə doğru irəliləyir.

Elə bu gün Helsinki sammiti çərçivəsində Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü başlayıb. Xəbər verilir ki, bu danışıqlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza, Yuri Merzlyakov və Bernar Fasie də iştirak edirlər. Əvvəlcə həmsədrlər Nalbandyanla bir araya gəliblər. Məmmədyarov isə bir qədər sonra onlara qoşulub.

İki nazirin dialoqu isə sabah daha yüksək formatda- Minsk Qrupuna həmsədrlik edən ölkələrin xarici siyasət idarələri nümayəndələrinin ştirakı ilə davam edəcək.

Hələlik danışıqların təfərrüatı barədə heç bir məlumat verilmir. Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Amerikanın səsinə müsahibəsində görüşlə bağlı yalnız onu deyib ki, nazirlər Qarabağ danışıqlarının aktiv fazası ilə hərəkət edirlər.

Amma həmsədrlər ümid edirlər ki, bugünkü dialoqdan sonra prezidentlərin görüşü üçün də hazırlığa başlamaq olar.

Merzlyakov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin durumu bu gün ATƏT sammitində müzakirə olunan diğər aktual problem – Gürcüstan münaqişəsindən fərqlidir. Həm Azərbaycan, həm də Ermənistan rəsmiləri vasitəçilərə söz veriblər ki, danışıqları davam etdirməyə hazırdırlar. Amma həmsədr sabahkı müzakirələrin sonunda iki nazir arasında hansısa sənəd imzalanmasını ehtimal etmir. O, deyir ki, sənəd ümumilikdə ATƏT səviyyəsində ola bilər.

Helsinki danışıqlarında iştirak edən amerikalı həmsədr Metyu Brayza isə deyib ki, irəliləyiş əldə etmək üçün tərəflərdən kiçik addım və iradə lazımdır. Həmsədrlər ümid edir ki, tərəflər bunu edə bilərlər.

XS
SM
MD
LG