Accessibility links

Helsinkidə Dağlıq Qarabağla bağlı bəyanat açıqlandı


Helsinkidə keçirilən ATƏT-in Xarici işlər nazirlərinim 16-cı toplantısını izləyən Turan İnformasiya agentliyinin Siyasi şöbəsinin redaktoru Şahin Hacıyev Amerikanın səsinə bildirib ki, toplantı zamanı ən çox müzakirə olunan mövzular Avropada Təhlükəsizlik və Qafqazda dondurulmuş münaqişələrin sülh yolu ilə həlli olub.

Dünən keçirilən görüşlərdən sonra bu gün Ermənistan və Azərbaycan xarici işlər nazirləri yenidən görüşüb. Görüşdə ATƏT-in Qarabağ nizamlanması üzrə Minsk qrupunda həmsədrlik edən ölkələrin XİN rəhbərləri Sergey Lavrov, Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Daniel Frid iştirak edib. Görüşə habelə, ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Andjey Kasprşik də qatılıb. Görüşün yekunlarına görə bəyanat qəbul edilib. Şahin Hacıyevin deyib ki, bəyanatı Sergey Lavrov mətbuata rus dilində açıqlayıb. Bəyanatda deyilir ki, hərbi yolla həlli olmayan bu münaqişə Madrid prinsipləri əsasında öz həll yolunu tapmalıdır. Bəyanat habelə Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması, sərhəd zonasından spnayperlərin götürülməsinə çağırır. Cənab Hacıyev bu danışıqları da yalnız müzakirələrin davamı kimi qiymətləndirdiyini bildirdi.

Şahin Hacıyevin sözlərinə görə, Bakı vaxtı ilə təxminən axşam saat 19.45-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Helsinkidə açıqlama verib. Nazir əsas iki məsələyə toxunub. Cənab Məmmədyarov deyib ki, Dağlıq Qarabağ məsələsi ərazi bütövlüyü prinsipləri çərçivəsində həll olunmalıdır. O, beynəlxalq sənədlərin buna əsas olduğunu deyib. “Qitədə baş verən son hadisələr bu məsələninin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərdi”- deyə o bildirib.
Nazirin toxunduğu digər məsələ isə ATƏT-in son vaxtlar insan haqları məsələsinə daha çox diqqət yetirməsi olub. Şahin Hacıyevin sözlərinə görə, cənab Məmmədyarov bu fəaliyyətlərin ATƏT-in mandatı çərçivəsindən kənarda olduğunu bildirib.

ABŞ Dövlət Katibinin müşaviri Metyu Brayza jurnalistlərin bəzi suallarını cavablandırıb. O, deyib ki, Dağlıq Qarabağın nizamlanması prosesində kiçik inkişaflar müşahidə olunur. Cənab Brayza tərəflərin istəkli göründüyünü və həm Azərbaycan həm də Ermənistan tərəfinin münaqişənin həllində maraqlı olduğunu bildirib.

XS
SM
MD
LG