Accessibility links

Amerika mətbuatı Azərbaycan barədə


Amerika mətbuatı Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Barak Obamanın gələn ildən vəzifəsinə başlaması ərəfəsində ABŞ-ın müxtəlif ölkələrlə münasibətlərinə dair silsilə məqalələr dərc etməyə başlayıb. Amerikanın səsi radiosu Vaşınqtonda və Miçiqan mətbuatında Azərbaycan barədə dərc olunmuş belə məqalələrdən ikisini diqqətə çatdırır:

ABŞ-ın nüfuzlu "İnternational Herald Tribune" qəzeti Azərbaycanla bağlı məqaləsinə belə sərlövhə verib: “Qafqaza açar”.

Müəllif Stanli Veys bu yaxınlarda Amerikanın biznes nümayəndələri ilə birlikdə Bakıda olub. O yazır ki, Amerikanın Azərbaycandakı səfiri Enn Dersi onları belə salamlayıb: “Qafqazın Hyustonuna xoş gəlmisiniz”.

Başqa bir ABŞ diplomatı isə onlara deyib ki Azərbaycan Amerikanın dünyanın bu hissəsində reallaşdırmaq istədiyi planlarda mərkəzi rol oynayır.

Müəllif daha sonra xatırladır ki Azərbaycan Qərbin dəstəyi altında yürütdüyü enerji siyasəti ilə Rusiyadan kənar enerji layihələri reallaşdıra bilib, indi isə qalıb bu marşrutlara Qazaxıstan və Türkmənistan kimi dövlətləri cəlb etmək.

Amma Stenli Veys Bakıdakı ab-havadan belə qənaətə gəlib ki, Əliyev Rusiyaya münasibətdə məsələn, gürcüstanlı həmkarı Mixail Sakaşviliyə oxşamaq istəmir, belə ki onun Moskvanı qıcıqlandırmaq niyyəti yoxdur. “Ölkə NATO ilə əməkdaşlıq etsə də, ora üzvlüyə can atmır”.

Sonra müəllif Azərbaycanı Türkiyə ilə müqayisə edir. Belə ki ölkə müsəlmanların əksəriyyət təşkil etdiyi çoxmillətli sistemə malikdir. 20 milyon Azərbaycan türkü İranda yaşayır, onların arasında hətta ayətullahlar da var. Amma müəllif daha dərhal xatırladır ki, Bakı İsraillə diplomatik əlaqəsi olan azsaylı müsəlman paytaxtlarındandır.

Bununla yanaşı qəzet yazır ki, indi Azərbaycanın inkişafına əsas əngəllərdən biri Dağlıq Qarabağ münaqişəsidir : ”Əliyev istəyir ki, Qarabağ qayıtsın ancaq başa düşür ki, bunu güc yolu ilə etsə, Moskva ona imkan verməyəcək”.

Ermənistan isə 16 illik iqtisadi blokadasına son qoyaraq, Azərbaycan və Türkiyə ilə münasibətlərini qurmaqda maraqlıdır. Öz növbəsində Türkiyə Ermənistanla əlaqələrini yaxşılaşdırmaq istəyir. Avropanı isə Nabukko kəmərinin keçəcəyi ərazilərdə yeni böhrana imkan verməmək qayğılandırır.

Beləliklə, yeni diplomatik mənzərədə Rusiya və Türkiyə regionun liderləri qismində təşəbbüslərə başlayıb. Amma qəzet yazır ki, donmuş münaqişələrin həlli heç də asan başa gəlmir. Və əgər Qərb buna həqiqətən də nail olsa, Qafqazın inkişafına açar əldə edəcək.

İndi Vaşınqtonda maraq doğuran digər suallar isə Azərbaycan kimi ölkələrin ABŞ-ın yeni prezidenti Barak Obamanın dövründə hansı siyasi kursu təqib edəcəyidir.

Miçiqanda dərc olunan “Flint” jurnalının qənaətincə isə, Azərbaycanın Vaşinqton və Avropa İttifaqı üçün Xəzər neftinin istehsalçısı və ötürücüsü olması, üstəlik İranla qonşu və Rusiyanın planlarına əngəl NATO meylli ölkə sayılması, buradakı insan haqları və demokratiyadan narahatlıq üzərinə kölgə salıb.

Lakin Azərbaycanda, qonşusu Ermənistan və Gürcüstanda baş verən bu kimi işləri “xalça altında” gizlətmək 2009-cu ildə həmişəkindən daha çətin olacaq.

Jurnal yazır ki, Azərbaycan və Ermənistanın Qarabağa görə kəskin silahlanma yarışında olduqları bölgəyə Amerika da İrana qarşı hərbi əməliyyat niyyətilə gəlsə, onda Qafqaz boyunca gərginlik qaçılmaz olacaq.

“Bütün bunlar azmış kimi - yazır, müəllif Con Tomlinson - Gürcüstandakı hadısələr sübut etdi ki, qeyri-sabit Qafqaz üçün Kosovonun bir il əvvəl öz müstəqiliyini birtərəfli qaydada elan etməsi əsil tətik effekti verə bilər”.

"Qərb hökumətləri nə deyirlərsə desinlər, Kosovo Qafqaz separatçılarının, vaxtın onların tərəfində olduğu və əvvəl-axır müstəqilliklərinin tanınacağı barədə inamlarını gücləndirib" .

Məqalənin başqa bir yerində isə deyilir ki, Azərbaycan varlandıqca, demokratiyası bir o qədər azalır.

XS
SM
MD
LG