Accessibility links

Robert Simmons: `NATO Qarabağda baş verənləri diqqətlə izləyir`


Avqust ayında Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra NATO və Rusiya bu gün ilk dəfə yüksək səviyyədə danışıqlar keçirirlər.

Brüsseldə aparılan danışıqların gündəliyinə əsasən Cənubi Qafqazda sabitlik məsələləri daxildir. NATO ilə Rusiyanın maraqları Gürcüstanın hərbi alyansa üzvlüyü və donmuş münaqişələr məsələsində açıq şəkildə toqquşsa da, Rusiya ümumiyyətlə bu beynəlxalq qurumun Qafqazda mövcudiyyətinə qarşıdır.

Bəs belə bir vəziyyətdə Azərbaycan NATO ilə münasibətlərində hansı siyasi kursu təqib etməlidir?

Həm Moskvada, həm də Brüsseldə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra NATO və Rusiya arasında bu gün başlayan dialoqa böyük ümidlə yanaşırlar.

NATO eksperti Robert Zvinqov deyir ki, tərəflər mumkun qədər ugurlu dialoq keçirmək əzmindədirlər. Onun sözlərinə görə, indi gündəlikdə əsas məsələ NATO ilə Rusiyanın Qafqazdakı maraqlarını uzlaşdıra bilməkdir.

Rusiya Gürcüstanın Alyansa üzvlüyünə qarşı çıxsa da, əslində Alyans da bu istiqamətdə müəyyən tərəddüdlər keçirir. Məqsədi NATO-nun həndəvərində dolanmaq olan Azərbaycanla Ermənistan isə özləri təşkilatın qapısına yaxınlaşmaq istəmirlər.

NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons isə Amerikanın səsinə müsahibəsində deyib ki, Alyans bu regionda Rusiya ilə rəqabət aparmır. Onun fikrincə, əksinə, NATO-nun Cənubi Qafqaz regionunda, məsələn, Gürcüstanda, Rusiya ilə eyni məqsədləri var və bu rəqabət kimi qəbul edilməməlidir.

Azərbaycana gəldikdə, diplomat onu da vurğulayıb ki, hələlik alyansın Bakı ilə perspektiv layihələrinə Azərbaycan ordusuznu müasirləşdirmək və enerji obyektlərinin qorunmasında kömək daxil ola bilər. Onun fikrincə bu, Cənubi Qafqaz və Orta Asiya üçün önəmlidir.

Qarabağ probleminə toxunan NATO təmsilçisi deyib ki, o, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin tez-tez pozulmasından narahatdır. Simmons vurğulayıb ki, təşkilat «bütün baş verənləri ehtiyatla və diqqətlə izləyir ». Amma diplomat deyib ki, Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar davam etdirilməlidir.

Xüsusi nümayəndə həmçinin 2008-2009-cu illərdə Azərbaycanla NATO arasında Fərdi Əməliyyat və Tərəfdaşlıq Planının ikinci hissəsi çərçivəsində aparılmalı olan islahatlardan danışıb. O, deyir ki, bu islahatlara Azərbaycanın beynəlxalq əməliyyatlarda iştirak edən qoşun növlərinin standartlara uyğunlaşdırılması, Müdafiə Nazirliyi daxilində struktur dəyişiklikləri, aşağı zabit heyəti üçün təlimlərin keçirilməsi və kommunikasiya vasitələrinin müasirləşdirilməsi daxildir.

XS
SM
MD
LG