İrandakı qeyri-rəsmi
mənbələr daha bir azərbaycanlı fəalın yoxa çıxması barədə məlumat yayıblar. Yerli
mənbələrin bildirildiyinə görə, Təbrizin Özəl Universitetində fəaliyyət
göstərən “Arman” Tələbə Təşkilatının Mərkəzi Şurasının üzvü Vəhid Şıxbəyli naməlum
şəxslər tərəfindən oğurlanıb. “Yürd” Veb
səhifəsi iddia edir ki, dekabrın 24-də bir neçə şəxs cənab Şıxbəylinin
Təbrizdəki evinə müraciət ediblər. Özlərini adi vətəndaşlar kimi qələmə verən
həmin şəxslər qapını vuraraq hərəkatçıdan evin qabağında saxladığı avtomobilinin
yerini dəyişdirməyi xahiş ediblər. Evdən çıxan Vəhid bir daha evə qayıtmayıb. Həmin
mənbələr Vəhidin ailəsinə istinadən hərəkatçının naməlum məqsədlə aparıldığını
və bu anadək haqqında hər-hansı məlumat olmadığını bildirir. Təbrizli fəalı
qapıya çağıran adamların Ettelaat əməkdaşları olduqları güman edilir. Vəhid
Şəxbəyli 2006-cı ilin may üsyanları zamanı təhlükəsizlik orqanlarının
əməkdaşları tərəfindən həbs edilərək, 50 gün müddətinə Ettelaatın qapalı rejimli təcridxanasında
saxlandıqdan sonra zaminə buraxılmışdı. Ardınca isə Təbrizin İslam İnqılabı
Məhkəməsi ona 91 günlük şərti həbs cəzası vermişdi.
Bu arada, bir ay
əvvəl həbs olunan azərbaycanlı yazar Məhəmmədrza Ləvainin ürək çatışmazlığından
əziyyət çəkdiyi nəzərə alınaraq zaminə buraxıldığı barədə məlumatlar yayılıb. O
və hazırda həbsdə olan jurnalist Şahnaz Qulami 2 ay öncə maşın qəzası
nəticəsində həyatını itirən hərəkat fəallarından Qulmrza Əmani və onun 2
qardaşının ölüm hadisəsinin müstəqil araşdırılmasına çağıran məqalalərlə çıxış
etmişdilər.
Hal-hazırda Təbrizin ümumi rejimli həbsxanasında
adi cinayətkarlarla birlikdə saxlanılan Şahnaz Qulaminin isə qanunsuz həbsinə
və saxlanma şəraitinin dözülməzliyinə qarşı etiraz əlaməti olaraq aclıq
aksıyası keçirdiyi və buna görə səhhətinin
pisləşdiyi bildirilir. Şahnaz Qulami tənqidi
yazılarına görə Təbrizin İslam İnqılabı Məhkəməsi tərəfindən 6 ay həbsə məhkum
edilib.