Accessibility links

Avropa komissarı Andris Piebalgs: `Qaz böhranı adi məsələ deyil`


Rusiya ilə Ukrayna arasında əvvəlcə kommersiya mübahisəsi kimi təqdim olunan qaz problemi get-gedə siyasi xarakter almaqdadır. Və onun təsirini artıq mübahisə mərkəzindən kənarda da hiss etməyə başlayıblar.

Belə ki, Avropanın ağır çəkili diplomatları neçə gündür ki. Rusiya ilə Ukrayna arasında son qaz çəkişməsinə cavab axtardığı bir vaxtda, Bolqarıstan və Türkiyə də daxil olmaqla bir sıra ölkələr artıq bu səhərdən Rusiyadan gələn qazın tamamilə kəsildiyini elan ediblər.

Qaz qıtlığı əvvəlcə Şərqi Avropada hiss olunmağa başladı. Bolqarıstanın enerji naziri deyib ki, Bolqarıstan, Türkiyə, Yunanıstan və Makedoniyaya qaz təchizatı dayandırılıb. Rəsmi Sofiya ölkədə böhranlı vəziyyət yarandığını elan edib. Bunun ardınca isə Macarıstan ilə Rumıniya da təchizatın azaldılmasından şikayətləndilər. Avstriya bildirib ki, rus qazının təchizatı adi həcmdən 10 faizə qədər düşüb.

Son mübahisəninin təsirini başqa yerlərdə də hiss edirlər. Avropa Birliyinin energetika üzrə komissarı Andris Piebalgs “Amerikanın səsi”nə açıqlamasına deyib ki, vəziyyət həqiqətən də gərgindir:

“Avropa ilk növbədə qaz təchizatının qəfil azaldılmasından narahatdır. Bizim insanlarılmz qazsız qalıb. Qaz böhranı adi məsələ deyil. Bu, asnlaşılmazlıq da deyil. Biz təmaslarımızı intensivləşdiririrk”.

Avrokomissar diqqəti ona yönəldir ki, Ukrayna ilə Rusiya qaz mübahisəsini həll etmək üçün danışıqları hələ indi bərpa edirlər. Bu isə bəzi Avropa ölkələri, xüsusilə də qaz ehtiyqatı tükənmiş Şərqi Avropa üçün vaxt itkisi deməkdir.

Piebalqsa görə, indi Avropada və Rusiya qazından asılı olan digər ölkələrdə qaz böhranı ölkədən-ölkəyə dəyişir. Belə ki, məsələn Ukrayna üzərindən qaz təchizatı dayananılar arasında Türkiyə də var, amma bu ölkə alternativ kəmərlərdən istifadəni artıra bilər. Ukraynanın özü də ən azı yarım illik qaz ehtiyatına malikdir. Amma heç də bütün Avropa ölkələri belə bəxtli deyil. Bolqarıstan təkcə Rusiyadan asılı vəziyyətdədir və qaz ehtiyatı da cəmi 2-3 günlükdür.

Buna görə də Avropa Birliyi bu mübahisə üzündən bəzi Avropa ölkələrinə qaz satışının əhəmiyyətli dərəcədə azaldılmasından hiddətlənib. Birlik bu gün yaydığı bəyanatda son qaz mübahisəsini qəbuledilməz adlandırıb.

Sənəddə deyilir ki, tərəflər dərhal danışıqlar masası arxasına əyləşməlidirlər və qaz təchizatı dərhal bərpa edilməlidir. Amma siyasi ekspertlər hətta yaranmış böhran şəraitində də dialoqların sakit tərzdə aparılacağından o qədər də nikbin deyillər.

Belə ki, Qazprom faktiki olaraq Ukraynanı oğurluqda ittiham edir və təchizatı dayandırmasından sonra bunu, onun təbirincə desək, Ukraynanın Yeni İl günü oğurladığı qaz həcmi ilə əlaqələndirir. İndi bütün Avropa ölkələrini ən çox maraqlandıran sual bu mübahisənin nə qədər davam edəcəyidir.

Avropa ekspertləri deyirlər ki, son böhranının ardınca Rusiyadan qaz asılılığını azaltmaq üçün dəyəri 12 milyard dollar olan Nabukko kəmərinin inşası üçün səylər ikiqat artırılmalıdır. Rusiya Avropanın qaza ehtiyacının 42, neftə ehtiyacının isə 30 faizini ödəyir, lakin bəzi Avropa ölkələrinin Rusiyadan enerji asılılığı 80 faiz təşkil edir.

XS
SM
MD
LG