Accessibility links

Stiven Hadley prezident Buşun xarici siyasətinin təməl prinsiplərini açıqladı


Buş Administrasiyası Birləşmiş Ştatların gələcək liderləri üçün üçün xarici siyasət sahəsində bir çox imkanlar qoyub gedir. Bunu ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Hadley Vaşinqtondakı Beynəlxalq və Strateji Araşdırmalar mərkəzində çıxışı zamanı deyib.

O, bu sırada Mərkəzi və Cənubi Asiya ölkələrinin enerji sərvətlərinə və ticarətə çıxış imkanlarını göstərib. Belə ki, bu yolla sözügedən regionlarda daha artıq sabitlik və demokratiya üçün açar əldə etmək olar.

Hadley diqqəti ona yönəldib ki, son illərdə ABŞ-ın dəstəyi altında Mərkəzi və Şərqi Avropa ölkələri soyuq müharibənin təsirlərindən çıxaraq, demokratik inkişafa keçid edə bilib. İndi bu ölkələr Avropa Birliyinə daxildirlər. Bundan əlavə, Ukrayna və Gürcüstan xalqları azad seçkiyə nail ola biliblər. Demokratikləşən və islahatçı Türkiyə isə ABŞ-la əməkdaşlığını davam etdirərək, Avropa Birliyinə üzvlüyə doğru hərəkət edir.

“Bizim Avropada güclü müttəfiqlərimiz var. Gələcək administrasiya İrana qarşı sanksiyaların icrası, Balkan regionuna inteqrasıya, Belarusa azadlıq gətirilməsi və Avropanın qaz təchizatının möhkəmlənməsi kimi məsələlərdə Avropadakı müttəfiqlərlə işləyə bilərlər”, - deyə Hadley vurğulayıb.

Ağ Ev rəsmisi Rusiya ilə münasibətlərdən də danışıb. Hadley deyib ki, indi ABŞ və Rusiya bir çox cəbhələrdə müttəfiqdirlər. Hər iki ölkə tuşlanmaya hazır nüvə başlıqlarının azaldılması istiqamətində birgə işləyirlər:

“Biz nüvə materiallarının və texnologiyalarının terrorçuların əlinə düşməməsi üçün bərabər çalışırıq. Biz İran və Şimali Koreyanın öz nüvə başlıqları ilə qonşularına hədə yarada bilməmələri üçün birlikdə işləyirik”.

Hadley Buşun xarici siyasətinin təməl prinsiplərini belə sadalayıb: Azadlıq, sülh və demokratiya. “Bəzən biz müttəfiqlərimizə əməkdaşlığın demokratik dəyərləri bölüşməkdən asılı olduğunu anlatmağa çalışırıq.

Prezident Buş Rusiya liderlərinə açıq izah edib ki, 21-i əsrin “böyük gücləri” 19-cu əsr siyasətini zorla tətbiq edə bilməz”.

Hadley onu da etiraf edib ki, Buş administrasiyası daim müttəfiqləri ilə hərəkət etsə də, lazım gəldikdə qərarlarını tək başına qəbul edib.

XS
SM
MD
LG