Accessibility links

Muğam ağacının daha bir yarpağı soldu…


Azərbaycanın əməkdar artisti, tanınmış muğam ifaçısı Sabir Novruzov bu həftə dünyasını dəyişib. 65 yaşlı xanəndə uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhum Bakıda dəfn olunub.

Sabir Novruzov Azərbaycanın hüdudlarından kənarda da xalq mahnılarının, muğamların mahir ifaçısı kimi məşhur idi . 2007-ci ildə o, əməkdar artist fəxri adına layiq görülüb.

Onun adı Xan Şuşinski, Yaqub Məmmədov, Zülfü Adıgözəlov kimi sənətkarlarla eyni xatırlanır.

Xanəndə vəfatından əvvəl verdiyi müsahibələrinin birində Azərbaycanın muğam sənətinin bu gün də əvvəlki möhtəşəmliyi ilə yaşamasından sevincini ifadə edirdi.

Sənətçinin dostu, xalq artisti Canəli Əkbərov Sabir Novruzovla bağlı xatirələrini “Amerikanın səsi”nə bölüşüb:

“Mən Sabir Novruzovu gənc yaşlarından tanıyıram. Çox şadam ki, hətta Vaşinqtondan Amerikanın səsi radiosu da onunla maraqlanır. Sabir Novruzov Yaqub Məmmədov xanəndəlik məktəbinin davamçısı idi. Onun ölümü ilə muğam ağacının daha bir yarpağı soldu…

Sabirin səsi sözün həqiqi mənasında mugam üçün yaranmışdı. Onun ifasında xalq mahnıları da gözəl alınırdı…

O, sakit təbiətli bir insan idi. Ailəcanlı, dostcanlı idi. Hər dəfə də ifası ərəfəsində onun səsində bir möhtəşəmlik yaranırdı. O səsdəki lirika, dramatoloji ovqat imkan verirdi ki, dinləyici onu sevsin. Onun ölümü mənə çox pis təsir etdi. Çünki belə səslər nadir hallarda yetişir. O, həqiqətən də muğam üçün yaranmışdı…

Sabirin ifasında fərqlilik güclü idi. Səsinin tərkibində xəlqilik güclü olduğu üçün, xalq onu sevirdi. Azərbaycanın hər yerində onu sevirdilər. Güney Azərbaycanda da kosertlər verirdi. Onun üçün Azərbaycanın Güneyi də, Quzeyi də eyni idi. Onun itkisi muğam ifaçılığında böyük itkidir. Allah ona qəni-qəni rəhmət eləsin…”.


XS
SM
MD
LG