Accessibility links

Freedom House: `Azad ölkələrin sayı azalır…`


2008-ci ildə dünyanın 193 ölkəsindən 89-u azad sayılırdısa, indi bu rəqəm 88 olub. Azad ölkələr dünyanın yarıdan az hissəsini təşkil edirlər, qeyri-azad sayılan ölkələrin sayı isə azala-azala gedir. Vaşinqtonda yerləşən insan haqları üzrə beynəlxalq Freedom House təşkilatının son hesabatından bu qənaətə gəlmək olar.

Sənəddə təəssüflə qeyd olunur ki, dünya boyunca hakimiyyətlərin insan haqlarına hörməti və ümumən azadlıqlar 2008-ci ildə də tənəzzülə yuvarlanıb. Avtoritar dövlətlərin bəzilərində insan azadlıqlarına açıq müdaxilə və zorakılıqların rəsmi sayı, göstərilən rəqəmlərə görə, azalsa da, hökumətlər demokratiya və azad mətbuatı boğmağın daha səriştəli metodlarına keçiblər. Üstəlik, bu tip ölkələrin bəzilərində durğunluq başlanıb. Rusiya, Venesuella kimi dövlətlərdə azadlıqlar daha da pisləşib.

Hesabatın konkret olaraq keçmiş Sovet ölkələrinə həsr olunmuş bölməsində qeyd edilir ki, Rusiyanın öz ətrafında hərbi təcavüzkarlığını artırması ilə Vladimir Putinin daha da avtoritarlaşması paralel tendensiya təşkil edib. Belə ki, Putin hətta prezidentlikdən baş nazirliyə keçsə də, bu ölkədə avtoritarlıq qətiyyən azalmayıb.

Rusiyanın qonşuluğunda yerləşən Azərbaycan, Ermənistan, hətta Gürcüstanda da azadlığın dərəcəsi tənəzzüldədir. Belə ki, ötən il Gürcüstanın da daxil olduğu “seçilmiş demokratiyalı ölkələr”in sayı 121 idisə, indi bu rəqəm 119 təşkil edir. Və siyahıdan Mavritaniya ilə yanaşı, Gürcüstan da çıxarılıb. Hesabatda buna səbəb kimi iki arqument göstərilir: 2007-ci ildə elan olunmuş fövqəladə vəziyyət və Rusiya ilə müharibə…

Ermənistanda isə ötən yazda müxalifətin mitinqinin zorakılıqla dağıdılması və yüzlərlə müxalifətçinin həbsi bu ölkənin azadlıq göstəricələrinə mənfi təsir edib. Buna baxmayaraq, hər iki Cənubi Qafqaz ölkəsi - həm Gürcüstan, həm də Ermənistanın adları hesabatda qismən-azad ölkələr sırasındadır.

Azərbaycana gəldikdə, Freedom House təşkilatı hesab edir ki, prezident İlham Əliyevin və hakim Yeni Azərbaycan Partiyasının hakimiyyətdə monopoliyası ötən il saxtalaşdırılmış oktyabr seçkilərindən sonra daha da möhkəmlənib. Bu istiqamətdə prezidentlik müddətlərinin sayındakı məhdudiyyəti aradan qaldırılması cəhdləri edilir: “Oktyabrda keçirilən prezident seçkisində müxalifət boykot yolunu tutdu və hakimiyyətdə olanlar prezidentlik müddətinin ləğviylə bağlı işə başladı”.

Bu ilki hesabatda mübahisə doğuracaq məsələlərdən biri sənədə ayrıca bənd qismində, münaqişəli ərazilərin daxil edilməsidir. Hesabat müəllifləri Azərbaycanı qeyri-azad ölkə hesab etdikləri halda, onun Dağlıq Qarabağ ərazisini "qismən azad" kimi göstəriblər. Halbuki, bu bənddə ərazilərin əksəriyyəti azad olmayan statusuna malikdirlər. Yeganə azad bölgə kimi Şimali Kipr Türk Cümhuriyyəti göstərilir.

Bu ilki hesabatda da Qərbi Avropa ölkələri azadlıqların göstəricilərinə görə həmişə olduğu kimi, öndədirlər. Sənəddə o da vurğulanır ki, getdikcə dərinləşən qlobal maliyyə böhranı fonunda bütün dünyada insan azadlıqları ilə bağlı yeni Amerika administrasiyasının daha ciddi problemləri olacaq. Bununla yanaşı, müəlliflər ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamaya demokratiyaya münasibətdə bir sıra tövsiyələr verirlər. Bu tövsiyələrin məğzi odur ki, avtoritar rejimlərə güzəştə getmək olmaz...


XS
SM
MD
LG